Şəhid baş leytenant Kamran Quluzadə

Quluzadə Kamran Pərviz oğlu 1998-ci ilin avqust ayının 14-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Kamran Quluzadənin atası Quliyev Pərviz Dədəqulu oğlu kənd təsərrüfatı ilə məşğul olmuş, anası Quliyeva Maya Rasim qızı evdar qadın olmuşdur. Uşaqlığını Gəgəli kəndində keçirən Kamran Quluzadə 2004-cü ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin birinci sinifinə daxil olub.

Kamran Quluzadə 2013-cü ildən Bakı şəhəri Xətai rayonu 64 saylı tam orta məktəbində təhsilini davam etdirmiş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbdə oxuyarkən davamlı olaraq Zəka tədris kursuna abituriyent hazırlığı üçün getmişdir. İstər orta məktəb, istərsə tədris kursunun müəllim və şagirdləri ilə mehriban ünsiyyət yaratmış, onlarla sonrakı illərdə də yaxın münasibətdə olmuşdur.

Kamran Quluzadə 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin “xüsusi təyinatlı texnika və sistemlər” – kəşfiyyatçı ixtisasına qəbul olmuşdur. 2019-cu ildə həmin ixtisas üzrə bitirərək Naxçıvan Muxtar Respublikası Xüsusi Təyinatlı Qüvvələrində leytenant kimi tağım komandıri vəzifəsində hərbi xidmətə başlamışdır. Hərbi xidmət zamanı əvvəlcə Kəngərli rayonunun Qıvraq qəsəbəsində, daha sonra Naxçıvan şəhərində olmuşdur.

İyul hadisələri zamanı general Polad Həşimov şəhid olarkən leytenant Kamran Quluzadə öz feysbuk statusunda onun qanının yerdə qalmayacağını yazmış, onun kimi şəhidlik mərtəbəsinə ucalmağı arzulamışdır.

2020-ci il oktyabr ayının 14-də Kamran Quluzadə könüllü olaraq Naxçıvandakı hərbi hissəsindən Vətən müharibəsinə yollanıb. O, Füzuli istiqamətindən başlayaraq qrup komandiri kimi döyüşlərdə iştirak edib. Füzuli, Hadrut və Şuşa istiqamətində aparılan döyüş əməliyyatlarında şücaət göstərib. Onun sonuncu döyüşü Xocavənd rayonu Tuğ kəndi istiqamətində olub. Oktyabrın 21-də hər iki ayağından mərmi yarası alan Kamran Quluzadə yoldaşlarının söylədiyinə görə yaralı olduğu halda həm cəbhə yoldaşlarına kömək edib, həm də son damla qanına qədər döyüşüb, şəhid olub.

Kamran Quluzadə rayon və kənd camaatının iştirakı ilə xüsusi mərasimlə Ağsu rayonu Gəgəli kəndi Zeyvə nənə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölümündən sonra baş leytenant Kamran Quluzadəni xüsusi fərmanla "Hərbi xidmətlərinə görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edib.

Ağsu rayonunun Gəgəli kəndində və Bakı şəhəri Maştağa qəsəbəsində şəhid baş leytenant Kamran Quluzadənin xatirəsinə müxtəlif abidələr ucaldılmışdır.