Şəhid əsgər Vüsal İbişov

İbişov Vüsal Əli oğlu 1999-cu ilin iyun ayının 19-da Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Vüsal İbişovun atası İbişov Əli Əlləzi oğlu Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbin direktoru, anası İbişova Xatirə Şakir qızı isə evdar qadın olmuşdur. Vüsal İbişov 2006-cı ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2017-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Vüsal İbişov Azərbaycan Milli Ordusunda Beyləqan korpusu N saylı hərbi hissədə kəşfiyyatçı ixtisası ilə hərbi xidmət keçmişdir. 2019-cu ilin aprel ayında hərbi xidməti başa vurduqdan sonra Gəgəli kəndinə qayıtmış, Bakı şəhərində inşaat şirkətlərinin birində işləməyə başlamışdır. Pandemiya başladıqdan sonra kəndə qayıtsa da Qarabağ hadisələrində 2020-ci ilin sentyabr ayının 21-də yenidən könüllü olaraq hərbi xidmətə yollanmışdır. Suqovuşan və Ağdərə istiqamətində döyüşlərdə kəşfiyyatçı kimi iştirak edən Vüsal İbişov oktyabr ayının 18-də Ağdərə istiqamətində şəhid olmuşdur. Yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olmuşdur.

Vüsal İbişov rayon və kənd camaatının iştirakı ilə xüsusi mərasimlə Ağsu rayonu Gəgəli kəndi Zeyvə nənə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölümündən sonra Vüsal İbişovu xüsusi fərmanla "Vətən uğrunda" medalı ilə təltif edib. Ağsu rayonunun Gəgəli kəndində şəhid Vüsal İbişovun xatirəsinə müxtəlif abidələr ucaldılmışdır.