Şəhid əsgər Sərdar Hacıyev

Hacıyev Sərdar Heybət oğlu 1971-ci ilin noyabr ayının 15-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Sərdar Hacıyevin atası Hacıyev Heybət Əlheydər oğlu “Paris Kommunası” kolxozunda işləmiş, anası Hacıyeva Böyükxanım Ağamməd qızı evdar qadın olmuşdur. Uşaqlığını Gəgəli kəndində keçirən Sərdar Hacıyev 1978-1989-cu illərdə Gəgəli kənd orta məktəbində oxumuşdur. 1989-1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Sərdar Hacıyev hərbi xidməti başa vurduqdan sonra kənddə təsərrüfat işləri ilə məşğul olmuşdur. O, 1992-ci ildə ailə həyatı qurmuşdur. Həmin il Vətənin bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan Sərdar Hacıyev 1993-cü il yanvar ayının 18-də Fərrux dağı döyüşləri zamanı şəhid olmuşdur. 19 yanvar 1993-cü ildə şəhid Sərdar Hacıyev geniş ictimaiyyətin iştirakı və xüsusi mərasimlə Gəgəli kəndində “Zeyvə nənə” qəbristanlığında dəfn edilmişdir. Ağsu şəhəri Mərkəzi Xəstəxanasının Gəgəli kənd həkim məntəqəsinə şəhid Sərdar Hacıyevin adı verilmişdir. Hazırda şəhid Sərdar Hacıyevin oğlu Nəzər Hacıyev Ağsu rayonunun ictimai həyatında yaxından iştirak edir.