Şəhid əsgər Sərdar Hacıyevin anım mərasimi

Yanvarın 19-da Ağsu rayonunun Gəgəli kəndində şəhid əsgər Sərdar Hacıyevin anım mərasimi keçirilib. Anım mərasimində kəndin rəhbər işçiləri, şəhid ailələri, kənd sakinləri, şəhidin yaxınları, müəllim və məktəblilər iştirak ediblər. Əvvəlcə Gəgəli kəndi Şəhidlər xiyabanında mərasimin rəsmi hissəsi baş tutub. Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək bildirib ki, Sərdar Hacıyevin şəhid olmasından 29 il ötür. Kənd camaatı, dövlətimiz onun xatirəsini həmişə əziz tutur. Fərrux dağı istiqamətində gedən döyüşlərdə şəhid olan eloğlumuz 1993-cü ilin yanvar ayının 19-da kənd qəbristanlığında dəfn olunub. Ağsu şəhəri Mərkəzi Xəstəxanasının Gəgəli kənd həkim məntəqəsinə onun adı verilib. Ağsu şəhəri Mərkəzi Xəstəxanasının Gəgəli kənd həkim məntəqəsinin müdiri Cəbrayıl Əzimov Sərdar Hacıyev haqqında məruzə ilə çıxıb edib. O bildirib ki, Hacıyev Sərdar Heybət oğlu 1971-ci ilin noyabr ayının 15-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Sərdar Hacıyevin atası Hacıyev Heybət Əlheydər oğlu “Paris Kommunası” kolxozunda işləyib, anası Hacıyeva Böyükxanım Ağamməd qızı evdar qadın olub. Uşaqlığını Gəgəli kəndində keçirən Sərdar Hacıyev 1978-1989-cu illərdə Gəgəli kənd orta məktəbində oxuyub. O, 1989-1991-ci illərdə həqiqi hərbi xidmətdə olub. Sərdar Hacıyev hərbi xidməti başa vurduqdan sonra kənddə təsərrüfat işləri ilə məşğul olub. O, 1992-ci ildə ailə həyatı qurub. Həmin il Vətənin bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan Sərdar Hacıyev 1993-cü il yanvar ayının 18-də Fərrux dağı döyüşləri zamanı şəhid olub. 19 yanvar 1993-cü ildə şəhid Sərdar Hacıyev geniş ictimaiyyətin iştirakı və xüsusi mərasimlə Gəgəli kəndində “Zeyvə nənə” qəbristanlığında dəfn edilib. Ağsu şəhəri Mərkəzi Xəstəxanasının Gəgəli kənd həkim məntəqəsinə şəhid Sərdar Hacıyevin adı verilib. Hazırda şəhid Sərdar Hacıyevin oğlu Nəzər Hacıyev Ağsu rayonunun ictimai həyatında yaxından iştirak edir. O, keçən il Türkiyə Respublikasında baş verən kütləvi yanğınlar zamanı Fövqəladə Hallar Nazirliyinin xilasedicisi kimi iştirak edib. Mərasimdə Anım günlərinin təşkilatçısı Elvin Həsənov, şəhid Sərdar Hacıyevin anası Böyükxanım Hacıyeva, oğlu Nəzər Hacıyev, şəhid atası Əli İbişov, bələdiyyə üzvü Səxavət Həsənov, Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin müəllimi Baxış Əlişahlı çıxış edib, xatirələrini bölüşüblər. Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin şagirdləri şeirlər söyləyiblər. Tədbir iştirakçıları "Zeyvə nənə" qəbristanlığında şəhid Sərdar Hacıyevin məzarını ziyarət ediblər, dualar oxuyublar.