Şəhid əsgər Namik Talışovun anım mərasimi

Martın 1-də Ağsu rayonunun Gəgəli kəndində şəhid əsgər Namik Talışovun anım mərasimi keçirilib. Anım mərasimində kəndin rəhbər işçiləri, şəhid ailələri, kənd sakinləri, şəhidin yaxınları, müəllim və məktəblilər iştirak ediblər. Əvvəlcə Gəgəli kəndi Şəhidlər xiyabanında mərasimin rəsmi hissəsi baş tutub. Anım günlərinin təşkilatçısı, ilahiyyatçı Elvin Həsənov şəhid Namik Talışov haqqında məruzə ilə çıxış edib. O, bildirib ki, Talışov Namik Mürşüd oğlu 1971-ci ilin mart ayının 1-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Namik Talışovun atası Talışov Mürşüd Abbasəli oğlu "Paris Kommunası" kolxozunda işləyib, anası Talışova Aydangül İsbat qızı evdar qadın olub. Uşaqlığını Gəgəli kəndində keçirən Namik Talışov 1978-1988-ci illərdə Gəgəli kənd orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılıb, şəxsi şücaətlər göstərib, 1993-cü il aprel ayının 19-da Murov dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, 1993-cü ildə geniş ictimaiyyətin iştirakı və xüsusi mərasimlə Gəgəli kəndində "Zeyvə nənə" qəbiristanlığında dəfn edilib. Mərasimdə şəhid Namik Talışovun qardaşları Natiq Talışov və Şirzad Talışov, şəhid atası Əli İbişov, ərazi icra nümayəndəyilindən Elxan Quliyev çıxış edib, şəhid haqqında xatirələrini bölüşüblər. Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin şagirdləri, şəhidin bacısı və qardaşı oğlanları Murad və Əflatun şeir söyləyiblər. Tədbir iştirakçıları "Zeyvə nənə" qəbristanlığında şəhid Namik Talışovun məzarını ziyarət ediblər, dualar oxuyublar. Sonda tədbir iştirakçıları şəhidin anası Aydangül Talışovaya baş çəkiblər, onun şəhid oğlu haqqında xatirələrini dinləyiblər.