Fiziki və hüquqi şəxslərdən icarə haqqı, vergi və ödənişlərin toplanılmasına nəzarətin gücləndirilməsi

18 iyun 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 10 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən səkkiz üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 07.06.2022 tarixli 23-44 saylı fiziki və hüquqi şəxslərdən icarə haqqı, vergi və ödənişlərin toplanılmasına nəzarətin gücləndirilməsi barədə məktubu"nun müzakirəsi olmuşdur. Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 07.06.2022 tarixli 23-44 saylı fiziki və hüquqi şəxslərdən icarə haqqı, vergi və ödənişlərin toplanılmasına nəzarətin gücləndirilməsi barədə tövsiyə məktubu göndərib. Qeyd olunur ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər" haqqında Qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə yerli vergi və ödənişlərin ödəyiciləri, vergi agentləri, habelə bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 13.2-ci maddəyə görə isə bu Qanunla müəyyənləşdirilən yerli vergi və ödənişlərin toplanması və büdcəyə köçürülməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinin icra hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılmasına yol verilmir. "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə görə bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədləridir. "İnzibati icraat haqqında" Qanunun 87-ci maddəsinə görə bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən bələdiyyənin pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu halda məhkəmə qərarı tələb olunmur. Həmin Qanunun müvafiq maddələrində xəbərdarlıq, icra müddəti haqqında açıq məlumatlar vardır. İcarə haqqı, vergi və ödənişlərin toplanılmasına nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq yerli vergi və ödənişlərin, icarə haqqlarının bələdiyyə büdcəsinə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi və pul tələblərinin ödənilməsi ilə bağlı icrası məcburi olan inzibati akt qəbul edilərək müvafiq İcra və Probasiya şöbəsinə göndərilməsi, icarə haqqını ödəməyən icarədarlara icarə haqlarının ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsi, nəticəsindən asılı olaraq müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi bələdiyyənin fəaliyyətinin həyata keçirilməsində mühüm məsələdir. Sonra bələdiyyə üzvü Səxavət Həsənov və bələdiyyə üzvü Qürbət Kərimov qaldırılan məsələyə dair fikrini bildirdi, fiziki və hüquqi şəxslərdən icarə haqqı, vergi və ödənişlərin toplanılmasına nəzarətin gücləndirilməsinə razı olduqlarını qeyd etdilər. İclasda qərara alındı: 1. İcarə haqqı, vergi və ödənişlərin toplanılmasına nəzarət gücləndirilsin; 2. Qanunvericiliyin tələblərinə uyğun olaraq yerli vergi və ödənişlərin, icarə haqqlarının bələdiyyə büdcəsinə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görülsün və pul tələblərinin ödənilməsi ilə bağlı icrası məcburi olan inzibati aktlar qəbul edilərək müvafiq İcra və Probasiya şöbəsinə göndərilsin; 3. İcarə haqqını ödəməyən icarədarlara icarə haqlarının ödənilməsi ilə bağlı xəbərdarlıq edilsin, nəticəsindən asılı olaraq müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət edilsin; 4. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 5. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilliyə tapşırılsın.