Bələdiyyə mülkiyyətinin icarədə olan torpaq sahələrinin icarə haqlarının hazırki qiymətlərə uyğunlaşdırılması

18 iyun 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 10 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən səkkiz üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 07.06.2022 tarixli 23-45 saylı bələdiyyə mülkiyyətinin icarədə olan torpaq sahələrinin icarə haqlarının hazırki qiymətlərə uyğunlaşdırılması barədə məktubu"nun müzakirəsi olmuşdur. Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 07.06.2022 tarixli 23-45 saylı bələdiyyə mülkiyyətinin icarədə olan torpaq sahələrinin icarə haqlarının hazırki qiymətlərə uyğunlaşdırılması barədə tövsiyə məktubu göndərib. Gəgəli bələdiyyəsi yerli torpaq və əmlak vergiləri ilə yanaşı, icarə torpaqlarının haqlarını da bazar qiymətinə uyğunlaşdıraraq bələdiyyə büdcəsini gücləndirmək üçün müvafiq tədbirlər həyata keçirir. Doğrudur, hər zaman cüzi məbləğlər ödəməyə, torpağı təyinatına uyğun olmadan istifadə etməyə alışmış icarədarlar müqavimət göstərirlər. Lakin onlara qanunvericiliyin tələbləri izah olunur, mütəmadi olaraq torpaq bazarı, hərrac qiymətləri və torpaqların istifadəsi araşdırılır, təhlil olunur. Mülki Məcəllənin tövsiyə məktubunda xatırladılan maddələrinə və bəndlərinə əsaslanaraq müvafiq addımlar atılır. İndiyə qədər üç icarədar haqqında pul tələbi aktı hazırlanaraq İcra və Probasiya şöbəsinə yönəldilib. Onlardan ikisi yerinə yetirilib, biri isə icraatdadır. Bələdiyyə mülkiyyətinə aid bazar qiymətindən aşağı qiymətə icarədə olan torpaq sahələrinin icarə haqlarının qarşılıqlı razılaşma əsasında hazırki qiymətlərə uyğunlaşdırılması üçün bələdiyyə iclasına əsaslandırılmış məsələ çıxararaq müzakirə edilməsi, müvafiq bələdiyyə qərarı əsasında qarşı tərəfə müraciət edilməsi, razılaşma olmadıqda isə müvafiq məhkəmələrdə iddia qaldırılması nəzərdə tutulsun. Sonra bələdiyyə üzvü Səxavət Həsənov və bələdiyyə üzvü Murad Dəmirli qaldırılan məsələyə dair fikrini bildirdi, fiziki və hüquqi şəxslərdən icarə haqqı, vergi və ödənişlərin toplanılmasına nəzarətin gücləndirilməsinə razı olduqlarını qeyd etdilər. İclasda qərara alındı: 1. Bələdiyyə mülkiyyətinə aid bazar qiymətindən aşağı qiymətə icarədə olan torpaq sahələrinin icarə haqlarının qarşılıqlı razılaşma əsasında hazırki qiymətlərə uyğunlaşdırılması üçün bələdiyyə iclasına əsaslandırılmış məsələ çıxararaq müzakirə edilsin; 2. Müvafiq bələdiyyə qərarı əsasında qarşı tərəfə müraciət edilsin; 3. Razılaşma olmadıqda isə müvafiq məhkəmələrdə iddia qaldırılsın; 4. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 5. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilliyə tapşırılsın.