Qarabağın dirçəldilməsi ilə bağlı fəaliyyətlərdə bələdiyyənin, bələdiyyə üzvləri və kənd sakinlərinin yaxından iştirak etməsi

07 iyul 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 11 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən altı üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "Qarabağın dirçəldilməsi ilə bağlı fəaliyyətlərdə bələdiyyənin, bələdiyyə üzvləri və kənd sakinlərinin yaxından iştirak etməsi" məsələsinin müzakirəsi olmuşdur.

Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: Həm Gəgəli bələdiyyəsinin, həm də Qarabağ Dirçəliş Fondunun nizamnaməsinə görə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Yeni situasiyada Qarabağın dirçəldilməsi xalqımızın və dövlətimizin ümdə vəzifəsidir. Azərbaycan Respublikasının Prezdienti İlham Əliyevin bu sahədə çoxsaylı fərman və sərəncamları var. Bu mənada Gəgəli bələdiyyəsi, onun üzvləri və kənd sakinləri öz məsuliyyətlərini başa düşürlər. Təklif olunur ki, Qarabağın dirçəldilməsi ilə bağlı bütün növ fəaliyyətlərdə bələdiyyə üzvləri və kənd sakinlərinin fəallıq göstərməsi təşviq edilsin və maarifləndirmə işləri aparılsın. Bələdiyyə üzvlərinin Şuşa, Qarabağın azad olunan digər bölgələri və İrəvanla bağlı elmi konfrans, seminar, sərgi, araşdırma və müxtəlif tədbirlərdə iştirakına şərait yaradılsın. Bununla yanaşı, Qarabağ Dirçəliş Fonduna iyul ayından başlayaraq hər ay üçün bələdiyyə büdcəsindən 10 manat maddi yardım ayrılsın. Həmçinin Gəgəli bələdiyyəsinin büdcəsindən Qarabağ Dirçəliş Fonduna iyul ayı üçün 10 (on) manat yardım köçürülsün.

Sonra bələdiyyə üzvü Qürbət Kərimov və bələdiyyə üzvü Ülvi İsmayılzadə qaldırılan məsələyə dair fikrini bildirdi, Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığın qurulmasına və bələdiyyə büdcəsindən aylıq yardımların edilməsinə razı olduqlarını qeyd etdilər.

İclasda qərara alındı: 1. Qarabağın dirçəldilməsi ilə bağlı bütün növ fəaliyyətlərdə bələdiyyə üzvləri və kənd sakinlərinin fəallıq göstərməsi təşviq edilsin və maarifləndirmə işləri aparılsın; 2. Bələdiyyə üzvlərinin Şuşa, Qarabağın azad olunan digər bölgələri və İrəvanla bağlı elmi konfrans, seminar, sərgi, araşdırma və müxtəlif tədbirlərdə iştirakına şərait yaradılsın; 3. Qarabağ Dirçəliş Fonduna iyul ayından başlayaraq hər ay üçün bələdiyyə büdcəsindən 10 (on) manat maddi yardım ayrılsın; 4. Gəgəli bələdiyyəsinin büdcəsindən Qarabağ Dirçəliş Fonduna iyul ayı üçün 10 (on) manat maddi yardım köçürülsün; 5. Mühasibatlıq bu qərardan irəli gələn məsələləri həll eləsin; 6. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 7. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədr müavini Xəyyam İbadzadəyə tapşırılsın.