Gəgəli bələdiyyəsinin yanında İctimai Şuranın yaradılması məqsədilə Seçki Komissiyasının formalaşdırılması

07 iyul 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 11 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən altı üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "Gəgəli bələdiyyəsinin yanında İctimai Şuranın yaradılması məqsədilə Seçki Komissiyasının formalaşdırılması" məsələsinin müzakirəsi olmuşdur.


Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa görə ictimai şura bu Qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur. Məqsəd yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasıdır. İctimai şura 5-15 üzvdən ibarət tərkibdə bu Qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər. İctimai şuranın səlahiyyət müddəti iki ildir. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı öz internet səhifəsi və mövcud olan digər vasitələrlə ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtını elan edir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az ola bilməz. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Namizədlərin irəli sürülməsi başa çatdıqdan sonra bir ay müddətində ictimai şuraya seçkilər keçirilir. Namizəd irəli sürməyən vətəndaş cəmiyyəti institutları da ictimai şuranın üzvlərinin seçilməsində iştirak edə bilərlər. İctimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə müvafiq ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda gizli səsvermə yolu ilə seçilir. İctimai şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai şuranın fəaliyyətinin texniki (mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanının maliyyə vəsaitlərindən istifadə istisna olmaqla) və informasiya təminatı ilə bağlı məsələlər müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən həll edilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən ictimai şuranın sərbəst fəaliyyəti üçün şərait yaradılır. Təklif olunur ki, Ağsu rayonu Gəgəli bələdiyyəsinin yanında İctimai Şura təşkil edilsin. Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri İctimai Şuranın Seçki komissiyasını müvafiq qanunvericiliyə uyğun olaraq bu iclasda müəyyən edilən komissiya sədri ilə birlikdə təşkil eləsin. Seçki Komissiyasının sədri kənd sakini, ziyalı Əmircan Qənbərov elan olunsun və ona seçki komissiyasının üzvlərini müəyyən etmək, komissiyanın əsasnaməsini hazırlamaq və seçkini keçirmək səlahiyyəti verilsin.


Sonra bələdiyyə üzvü Baxış Əlişahlı və bələdiyyə üzvü Xəyyam İbadzadə qaldırılan məsələyə dair fikrini bildirdi, fəallıq olması şərtilə bələdiyyə yanında İctimai Şuranın yaradılmasına razı olduqlarını qeyd etdilər. 


İclasda qərara alındı: 1. Ağsu rayonu Gəgəli bələdiyyəsinin yanında İctimai Şura təşkil edilsin; 2. Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri İctimai Şuranın Seçki komissiyasını müvafiq qanunvericiliyə uyğun olaraq bu iclasda müəyyən edilən komissiya sədri ilə birlikdə təşkil eləsin; 3. Seçki Komissiyasının sədri Əmircan Qənbərov elan olunsun və ona seçki komissiyasının üzvlərini müəyyən etmək, komissiyanın əsasnaməsini hazırlamaq və seçkini keçirmək səlahiyyəti verilsin; 4. Mühasibatlıq bu qərardan irəli gələn məsələləri həll eləsin; 5. Bu qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 6. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədrinin müavini Xəyyam İbadzadəyə tapşırılsın.