Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli beynəlxalq elmi konfransda iştirak edib

Noyabrın 16-17-də Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində "Tarix dalğasında Mangistau" beynəlxalq elmi konfransı keçirilib. Konfransda Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirak edib. Konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Rusiya və İtaliyadan 40-dan çox alim məruzə edib, konfransın materialları kitabı nəşr edilib. Fariz Xəlilli Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev ilə həmmüəllif olaraq "Tarixi qəbristanlıqlar irs nümunəsi kimi" mövzusunda məruzə edib. O, bildirib ki, istər beynəlxalq səviyyədə, istərsə də yerli səviyyədə maddi və mənəvi mədəni irs nümunəsi olaraq qədim qəbiristanlıqların tanınması, öyrənilməsi, qorunması və tanıdılması sahəsində yeni normativ-hüquqi aktlara, izahlara ehtiyac var. Xüsusilə dağılmış xanəgahlar ətrafındakı müsəlman qəbirlərinin interdisiplinar öyrənilməsi, onların qorunmasının əsaslandırılması, qəbristanlıqların və qəbirlərin daşıdığı informasiyaya hermenevtik yanaşılması xüsusilə vacibdir. Bu mənada son on ildə xanəgah arxeologiyasının inkişafı üçün münbit şərait yaranmışdır. Bu, Azərbaycan xalqının mənəvi dəyərlərinin köklərini daha dərindən öyrənmək istəyindən və turizm sahəsində yeni obyektlərin axtarışından da irəli gəlir. Fariz Xəlilli qəbristanlıqlara bələdiyyələrin nəzarətindən, tarix-mədəniyyət abidələri kimi tanınan qəbristanlıqların qorunmasıdan danışıb. Daha sonra Ağsu şəhərindəki Şıxməzid xanəgahında aparılan arxeoloji tədqiqatdan, tapılan artefaktların zənginliyi və unikallığından, xüsusilə səhəng örtüklü qəbirlərdən danışıb. Konfrans günlərində Fariz Xəlilli Mangistau vilayəti İcra hakimiyyətinin təşkil etdiyi mətbuat üçün brifinqdə iştirak edib. O, Yessenov Universitetində olub, tələbələrlə görüşüb, müasir tədris texnologiyaları ilə tanış olub. Fariz Xəlilli Kuyeutam türbəsi, Çoban Ata xanəgahı və Beket Ata xanəgahını ziyarət edib, oradakı qəbir abidələrinin və türbələrin qorunması, mənəvi irsin yaşadılması ilə tanış olub. Fariz Xəlilli Mangistau vilayəti tarix-mədəniyyət qoruğu və Mangistau tarix-diyarşünaslıq muzeyinin ekspozisiyası ilə tanış olub, qoruğun kitabxanasına Ağsu ilə bağlı kitablar hədiyyə edib.