Sədrin sözü

Əziz Gəgəli icması, əziz gənclərimiz, əziz Gəgəlisevərlər!

Gəgəli kəndi Ağsu rayonunun həm əhalisinə, həm də ərazisinə görə ən böyük kəndidir. Gəgəli kəndi Şirvan xanlığının Xançoban mahalının ən böyük obası olan Axtaçı obasının bir hissəsinin Yasamal adlanan torpaqlarda oturaqlaşması nəticəsində formalaşmışdır. Kəndin torpaqları altında qədim Nərgizava yaşayış yeri və onun minillik nekropolu yerləşir. Gəgəli kəndinin tərəkəmə həyat tərzi ümumdünya irsi olub, Tərəkəmə Çərşənbəsi folklor festivalı ilə festivallaşmışdır. Gəgəli kəndi bütün sahələrdə ziyalılar yetirmiş, ölkəmizin inkişafına töhfələr vermişdir. Gəgəlinin qəhrəman oğulları hər iki Qarabağ müharibəsində rəşadətlə döyüşmüş, torpaqlarımızın müdafiəsində indi də iştirak edirlər. Kəndimizin 13 şəhidi unudulmur, onların qəhrəmanlıqları tanıdılır, Şəhid anım günləri keçirilir.

Gəgəli bələdiyyəsi Ağsu rayonunun iqtisadi və sosial imkanlarına görə şəhər bələdiyyəsindən sonra ikinci ən böyük bələdiyyəsidir. Bələdiyyənin ərazisi 7054 hektar, əhalisi 4380 nəfərdir. Bələdiyyənin əsas hədəfi dünyanın sayılıb-seçilən bələdiyyələrindən biri olmaqdır. Bələdiyyənin əsas məqsədi büdcənin gəlir imkanlarını artırmaq, kəndin ərazisində ekoloji tarazlığı qorumaq, infrastrukturu bərpa etmək, layihə əsaslı işlər görmək, kiçik sahibkarları dəstəkləmək, bələdiyyə müəssisələrinin inkişafına nail olmaq, turizmi kəndə cəlb etmək, mədəni irs abidələri ilə dünyada tanınmaqdır. Bələdiyyənin əsas vəzifələri vergi və icarə ödənişlərini vaxtında toplamaq, kəndin torpaqlarının və bələdiyyə mülkiyyətinin qanunauyğun istifadəsinə nəzarət etmək, kəndin bitki müxtəlifliyini və ekoloji təmiz saxlanılmasını təmin etmək, yolları bərpa etmək və yaxşı vəziyyətdə saxlamaq, küçələri mərhələli şəkildə abadlaşdırmaq, bələdiyyə inventarlarını qorumaq və təmiz saxlamaq, layihələr hazırlamaq və büdcədənkənar fondlar cəlb etmək, bələdiyyə müəssisələrinin fəaliyyətini dəstəklmək və onların xidmətindən istifadə etmək, turizm məkanları, qonaq evləri və restoranlar üzrə işləri dəstəkləmək, kiçik sahibkarlığın inkişafı üçün kənd sakinləri ilə iş aparmaq, məşğulluğun təmin edilməsinə çalışmaq, təhsil və səhiyyə sahəsində təşəbbüslərə dəstək olmaq, tarixi abidələrin öyrənilməsi, mühafizəsi və təbliğini təşkil etmək, festival, sərgi, seminar və konfranslar keçirmək, dini və milli dəyərlərin qorunması tədbirləri həyata keçirmək, şəhid anım günləri və iməcliklər etmək və s.-dir. Gəgəli icması Ağsu rayonunun kifayət qədər təşkil olunmuş icması olub, problemlərin həllində yaxından iştirak edir.