Sədrin tərcümeyi-halı

Fariz Xəlilli

Xəlilli Fariz Sabir oğlu 1 avqust 1980-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. 1986-cı ildə Ağsu rayonu Gəgəli kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, 1997-ci ildə Bakı şəhəri 192 №-li orta məktəbi bitirmişdir. 1997-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix” fakultəsinin əyani şöbəsinə daxil olmuş, 2001-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistraturasına “Qədim dünya tarixi” ixtisası üzrə daxil olmuş, 2003-cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Akademik Nailə Vəlixanlının rəhbərliyi altında “Azərbaycan Tarixi Muzeyinin arxeoloji materialları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi (ən qədim dövrdən e.ə. IV əsrə qədər)” namizədlik dissertasiyasını müdafiə etmiş, tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) adını almışdır.

Fariz Xəlilli 1 yanvar 2002-ci ildən 25 dekabr 2003-cü ilə kimi Milli Azərbaycan Tarixi Muzeyində böyük laborant işləmişdir. 2003-cü il dekabr ayının 25-də Milli Azərbaycan Tarixi Muzeyinin aspiranturasına daxil olmuş, oranı 2006-ci ildə bitirmişdir. 25 dekabr 2006-cı ildən 10 fevral 2009-cu ilə kimi Milli Azərbaycan Tarixi Muzeyində elmi işçi və 2009-cu ildən 11 iyul 2011-ci ilə kimi Arxeologiya elmi fond şöbəsinin müdiri vəzifəsində işləmişdir.

31 mart 2010-cu ildən 16 fevral 2020-ci ilədək təsis etdiyi “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri olmuşdur. 11 iyul 2011-ci ildən 10 fevral 2014-cü ilə kimi Azərbaycan Müəllimlər İnstitutu İctimai fənlər kafedrasında müəllim, 10 fevral 2014-cü ildən 01 sentyabr 2014-cü ilə kimi Azərbaycan Müəllimlər İnstitutunda elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir. 2015-ci ildən Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksini mühafizə müqaviləsi əsasında ictimai əsaslarla idarə etmişdir. 15 sentyabr 2016-cı ildən 2020-ci ilin iyul ayına qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı Humanitar və Xüsusi fənlər kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. Qədim dünya tarixi, Orta əsrlər tarixi, Arxeologiya, Azərbaycan tarixi, Qafqaz xalqları tarixi, Müasir Beynəlxalq Münasibətlər, Şərqi Avropa xalqları tarixi fənlərini tədris etmişdir. 4 mart 2019-cu ildən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini, 2 dekabr 2019-ci ildən 03 fevral 2020-ci ilə kimi direktoru işləmişdir. 19 mart 2020-ci ildən 11 fevral 2022-ci ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru işləmişdir. 2020-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim kimi magistrantlara Arxeoloji abidlərin ekspertizası, Arxeoloji abidələrin muzeyləşdirilməsi, Arxeoloji abidələrin idarə edilməsi kimi fənləri tədris edir.

23 dekabr 2019-cu il bələdiyyə seçkilərində Fariz Xəlilli Ağsu rayonu Gəgəli Bələdiyyəsinə üzv seçilmişdir. 03 mart 2021-ci ildən Gəgəli Bələdiyyəsinin sədridir.

Fariz Xəlilli Beynəlxalq Əmək Təşkilatının "Öz biznesinə başla" proqramında təlimçidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. ICOM, ICOMOS, SPMA, YOCOCU beynəlxalq təşkilatlarının üzvüdür.

Evlidir. İki qızı, bir oğlu vardır.