"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunundan bir hissə:
III fəsil: BƏLƏDİYYƏLƏR, BƏLƏDİYYƏ ORQANLARI VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİ
Maddə 14. Bələdiyyələr və bələdiyyə orqanları
1. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.
2. Bələdiyyələrin say tərkibi Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilir.
3. Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyətlər verilir.
4. Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.
5. Bələdiyyələrin və onların orqanlarının strukturu bu Qanuna və bələdiyyələrin nizamnamələrinə uyğun müəyyənləşdirilir.
Maddə 15. Bələdiyyə üzvü
1. Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir.Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.
2. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz. Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir.Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.
2-1. Başqa əsas iş yeri olan bələdiyyə üzvü (sədr və onun müavinləri daxil olmaqla) öz səlahiyyətlərini daimi əsasla icra etmək və əmək haqqını bələdiyyədən almaq üçün bələdiyyəyə yazılı müraciət edir.
2-2. Bələdiyyə sədri bu maddənin 2-1-ci hissəsinə əsasən müraciət etmiş bələdiyyə üzvünün öz səlahiyyətlərini daimi əsasla icra etməsinə bələdiyyəyə ehtiyac olduqda, 5 gün müddətində bu barədə bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürənə yazılı bildiriş göndərir.
2-3. Bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürən bu maddənin 2-2-ci hissəsində nəzərdə tutulan bildirişi aldığı tarixdən 5 gün müddətində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq bələdiyyə üzvü ilə əmək müqaviləsinə xitam verir və bu barədə bələdiyyəyə yazılı məlumat verir.
2-4. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:
2-4.1. 5 və ya 7 üzvü olan bələdiyyələrdə - 2 üzv;
2-4.2. 9 və ya 11 üzvü olan bələdiyyələrdə - 3 üzv;
2-4.3. 13 və ya 15 üzvü olan bələdiyyələrdə - 4 üzv;
2-4.4. 17 və ya 19 üzvü olan bələdiyyələrdə - 5 üzv.
3. Bələdiyyə üzvü bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətin təşəbbüsü ilə işdən çıxarıla bilməz, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz.
4. Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.
5. Bələdiyyə üzvü daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verir.Bələdiyyənin növbəti yığıncağı bələdiyyə üzvünün ərizəsinə baxıb müvafiq qərar qəbul edir və bu qərarı həmin dairənin seçicilərinin nəzərinə çatdırır.
6. Bələdiyyə üzvü səlahiyyət müddəti ərzində hər hansı səbəbdən bələdiyyə tərkibindən çıxdıqda müvafiq bələdiyyə ərazisində Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilər keçirilir.
Maddə 16. Bələdiyyənin iclası
1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır.Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir.Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər.Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
2. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə bilavasitə və ya digər şəxslərin köməyi ilə hər hansı formada mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə iclas keçirilmədikdə, həmin təşəbbüskarlar kollektiv şəkildə inzibati nəzarəti həyata keçirən orqana və (və ya) məhkəməyə müraciət edə bilərlər.
3. Bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin və digər iştirakçıların məsuliyyəti bələdiyyənin nizamnaməsi və reqlamenti ilə tənzimlənir.
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.5. Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.
6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.
Maddə 17. Bələdiyyənin daimi və başqa komissiyaları
1. Bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər.
2. Daimi və başqa komissiyalar səlahiyyətləri daxilində fəaliyyətlərinin təşkili məqsədilə öz işinə ekspertlər cəlb edə bilər.
3. Daimi və başqa komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınır və onlar "Bələdiyyənin daimi və başqa komissiyaları haqqında" əsasnamə, bələdiyyənin nizamnaməsi əsasında fəaliyyət göstərir.4. Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
1) yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq;
2) yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;
3) bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;
4) seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.
5. Daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsuliyyət daşıyır və ona hesabat verir.
Maddə 18. Bələdiyyənin icra orqanıBələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən və onun bu Qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada formalaşdırdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından ibarətdir. Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən bələdiyyənin sədri təyin edir.
Maddə 19. Bələdiyyənin sədri və sədr müavini
1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
2. Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
3. Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər:1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə;
2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;
3) bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);
4) əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;
5) qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə;
5-1) “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə;
6) qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda.
4. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.
5. Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir.
6. Səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir.
Maddə 20. Bələdiyyə üzvlərinin statusu
1. Bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir.
2. Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.
3. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
4. Bələdiyyə üzvləri bələdiyyənin nizamnaməsinə uyğun olaraq öz səlahiyyətlərini daimi əsasda icra edə bilərlər.
5. Öz səlahiyyətlərini daimi əsasda icra edən bələdiyyə üzvlərinin bu vəzifələrdə çalışmaqla bağlı sosial təminatları Azərbaycan Respublikasının qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilir.
Maddə 21. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi əsasları
Bələdiyyə üzvlərinin səlahiyyətləri aşağıdakı hallarda itirilmiş hesab edilir:
1) barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
2) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
3) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
4) vəfat etdikdə;
5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
Maddə 22. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi əsasları
Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:
1) bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;
2) öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
3) bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
4) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
5) altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
6) ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.
Maddə 22-1. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması
1. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir.
2. Bələdiyyə üzvlərinin səlahiyyətləri bu Qanunun 21-ci və 22-ci maddələrində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən bu Qanunun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək dayandırılır.
Maddə 22-2. Bələdiyyənin vaxtından əvvəl buraxılmasıAzərbaycan Respublikası Milli Məclisi ona bu Qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.
Maddə 23. Bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi qaydasıBu Qanunun 21-ci və 22-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 144-cü və 145-ci maddələrinə müvafiq surətdə bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.Bu Qanunun 21-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci bəndlərində və 22-ci maddəsinin 1-ci, 3-cü, 5-ci, 6-cı bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda bələdiyyənin qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir.
Maddə 24. Bələdiyyələrin digər orqanları və vəzifəli şəxsləriBələdiyyənin nizamnaməsində digər orqanların yaradılması və müvafiq vəzifəli şəxslərin təyin olunması nəzərdə tutula bilər.
Maddə 25. Bələdiyyə qulluğu
1. Bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır.
2. Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.
3. Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir.
Qanuna tam şəkildə buradan baxa bilərsiniz: http://www.e-qanun.az/framework/4770