Şəhid əsgər Elmir Süleymanlı

Ona "Hadrut qartalı" deyirdilər.

Süleymanlı Elmir Aqil oğlu 2001-ci ilin may ayının 11-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Elmir Süleymanlının atası Süleymanov Aqil Böyükağa oğlu daş ustası işləmiş, anası Süleymanova Ofelya Rəfael qızı isə evdar qadın olmuşdur. Elmir Süleymanlı 2007-ci ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2018-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Elmir Süleymanlı Azərbaycan Milli Ordusunda Beyləqan korpusu N saylı hərbi hissədə pulemyotçu ixtisası ilə hərbi xidmət keçmişdir. 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayarkən Elmir Süleymanlı hərbi xidmətdə idi. Füzuli istiqamətindən döyüşlərə qatılaraq Cəbrayıl və Hadrut istiqamətində döyüşlərdə iştirak etmişdir. Elmir Süleymanlı döyüşlər zamanı çoxlu sayda qəhrəmanlıqlar göstərmişdir. Əsgər yoldaşlarının məlumatına görə o, yaralı komandir, baş gizir Elvin Ömərovu güllə yağışı altından çıxarmışdır. Elmir Süleymanlı isə Hadrutda 1621 yüksəkliyində düşmənlə üz-üzə dumanlı havada döyüşərkən snayperdən açılan güllə ilə şəhid olmuşdur.

Elmir Süleymanlı rayon və kənd camaatının iştirakı ilə xüsusi mərasimlə Ağsu rayonu Gəgəli kəndi Zeyvə nənə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölümündən sonra Elmir Süleymanlı xüsusi fərmanla "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edib. Ağsu rayonunun Gəgəli kəndində şəhid Elmir Süleymanlının xatirəsinə bulaq abidəsi ucaldılmışdır.