Gəgəli bələdiyyəsi Bahar ənənələri Novruz tədbirində iştirak edib

18 mart 2024-cü il tarixində “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Qoruğun, Ağsu rayon Gəgəli bələdiyyəsi və  Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan “Bahar ənənələri” adlı tədbir keçirilib.

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin, Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin, İsmayıllı Regional Mədəniyyət idarəsinin və mədəniyyət mərkəzinin nümayəndələri, Ağsu rayon Gəgəli bələdiyyəsinin nümayəndələri, APA TV-nin əməkdaşları, Qobustan  Milli Tarix-Bədii Qoruğunun əməkdaşları, Ağsu rayon musiqi məktəbinin kollektivi, Ağsu şəhər Aslan Nadirov adına şəhər 1 saylı məktəb liseyin, Soltan Umbayev adına şəhər 2 saylı tam orta məktəbin, 3 saylı tam orta məktəbin, 4 saylı tam orta məktəbin və Polad Mirzəyev adına 5 saylı tam orta məktəbin, eləcə də Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəbinin, Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin açılışında Ağsu Qoruğunun direktoru Şölə Bayramova tədbir iştirakçılarını salamlayıb və bildirib ki  tədbir çərcivəsində milli-mənəvi dəyərlərimizi və milli adətlərimizi əks etdirən eksponatlar - xalça, palaz, səhəng, cəhrə, dəyirman daşı, mis qab, məşrəf, sandıq, heybə, kəlağayı, qurama, orta əsr Ağsu şəhərində aşkar olunan eksponatlar nümayiş etdirilir.

Tədbirdə Ağsu Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış ediblər.

Ağsu rayonu Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəbinin şagirdləri qarmon və solo ifaları təqdim ediblər. Tədbirə rəng qatan rayon məktəblərinin şagirdləri milli geyimdə haxışta və şeir parçaları söyləyiblər. Tədbir çərçivəsində Gəgəli bələdiyyəsinin təqdimatında tərəkəmə ənənələri göstərilib, çadırlar quraşdırılıb. Tədbirin qonaqları arasında yumurta döyüşü keçirilib. Tədbirdə Dostluq musiqi ansamblının ifasında musiqi parçaları təqdim edilib. Sonra at minmə yarışı keçirilib.

Sonda bütün tədbir qonaqları bayram tonqalı ətrafında yallı gediblər.