Şəhid həkim baş leytenant Şahin Quliyevin anım mərasimi

Yanvarın 10-da Ağsu rayonunun Gəgəli kəndində şəhid həkim baş leytenant Şahin Quliyevin anım mərasimi keçirilib. Anım mərasimində kəndin rəhbər işçiləri, şəhid ailələri, kənd sakinləri, şəhidin yaxınları, müəllim və məktəblilər iştirak ediblər. Əvvəlcə Gəgəli kəndi Şəhidlər xiyabanında mərasimin rəsmi hissəsi baş tutub. Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək bildirib ki, kənddə 13 şəhid üçün 25 anım günü müəyyənləşdirilib və bələdiyyənin internet səhifəsində həmin günlər elan olunub. 10 yanvar şəhid həkim baş leytenant Şahin Quliyevin doğum günüdür, yaşasaydı 66 yaşı olacaqdı. Anım günləri şəhid ruhunu, onların xatirəsini diri tutmağa kömək edir. Sonra Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Mətləb Nuriyev Şahin Quliyev haqqında məruzə ilə çıxıb edib. O bildirib ki, Quliyev Şahin Tarverdi oğlu 1956-cı ilin yanvar ayının 10-da Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Şahin Quliyevin atası Quliyev Tarverdi Seyid oğlu “Paris Kommunası” kolxozunun mühasibi işləyib, anası Quliyeva Tubu Yusif qızı evdar qadın olub. Uşaqlığını Gəgəli kəndində keçirən Şahin Quliyev 1963-1973-cü illərdə Gəgəli kənd orta məktəbində oxuyub. O, IX və X siniflərdə rayon üzrə keçirilən kimya və biologiya fənləri olimpiadalarında birinci yer tutduğu üçün Respublika fənn olimpiadalarına göndərilib və orada da yaxşı nəticələr göstərib. 1976-1978-ci illərdə həqiqi hərbi xidmətdə olub. Şahin Quliyev 1980-ci ildə Azərbaycan Tibb İnstitutuna qəbul olub, 1986-cı ildə institutu fərqlənmə ilə başa vurub. O, 1987-ci ildə Akademik Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib. Şahin Quliyev həmin ilin avqust ayının 1-dən Gəgəli kənd ambulatoriyasına baş həkim vəzifəsinə təyin edilib. 19 noyabr 1993-cü ildə baş leytenant Şahin Quliyev həkim kimi Ağsu rayonunun hərbi komisarlığından hərbi xidmətə çağırılıb. O, Füzuli rayonunun Əhmədbəyli kəndi və Tərtər rayonunun Seysulan kəndi ərazisində ön cəbhədə xidmət  edib. Baş leytenant Şahin Quliyev 13 may 1994-cü ildə Tərtər rayonunun Seysulan kəndi ərazisində həkim vəzifəsini yerinə yetirərkən şəhid olub, 14 may 1994-cü ildə Gəgəli kəndində “Zeyvə nənə” qəbristanlığında dəfn edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 31 sentyabr 1994-cü ildə Ağsu şəhəri Mərkəzi Xəstəxanasına şəhid Şahin Quliyevin adı verilib. Mərasimdə Anım günlərinin təşkilatçısı Elvin Həsənov, şəhid Şahin Quliyevin oğlu Şamxal Tarverdili, şəhid ataları Əli İbişov və Pərviz Quliyev, qazi Mehdi Cərullayev, müəllimlər Rasim Mirzəyev və Sərxan Mirzəyev, çıxış edib, xatirələrini bölüşüblər. Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbi və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri şeirlər söyləyiblər. Tədbir iştirakçıları "Zeyvə nənə" qəbristanlığında şəhid Şahin Quliyevin məzarını ziyarət ediblər, dualar oxuyublar. Daha sonra kənddəki şəhidlər adına tikilmiş Şəhid Elmir bulağı və Zəfər parkı ziyarət olunub.