"Mədəni İrsin Yaşıl Konservasiyası" IV Beynəlxalq Konfransı

İtaliya Respublikasının paytaxtı Roma şəhərində Təsviri İncəsənət Akademiyasında "Mədəni İrsin Yaşıl Konservasiyası" IV Beynəlxalq Konfransı keçirilib. Konfrans elmə interdisiplinar yanaşma olub, müasir çağırışların səsləndirildiyi alimlərin beynəlxalq görüşüdür. Konfransın açılış mərasimində YOCOCU Asossiasiyasının prezidenti Andrea Macchia, Roma Təsviri İncəsənət Akademiyasının prezidenti Alberta Campitelli, Roma Təsviri İncəsənət Akademiyasının direktoru Cecilia Casorati, Təbiət Elmləri və İqlim İnstitutunun (CNR-ISAC) əməkdaşı Fernanda Prestileo və arxeoloq Marina Lo Blundo (Antik Ostia Arxeoloji Parkı) çıxış ediblər.

Konfransda canlı və onlayn formatda elmi məruzələr təqdim olunub. Konfransda Ekosistemlər üzrə Assossiyasiyanın əməkdaşı Sabina Nicolella və Notrdam Universitetinin əməkdaşı Paolo Vittinin moderatorluğu ilə keçirilən “Davamlı sərgi dizaynı, təcrübələri və layihələri” adlı plenar sessiyada Azərbaycandan “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Tarixi yolları və xanəgahları necə bərpa etməli?” mövzusunda məruzə edib. O, bildirib ki, məlum olduğu kimi Böyük İpək yolunun açılması e.ə. II əsrə aid edilir. Çində istehsal edilən ipəyə dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropada ehtiyacın artması bu sahədə ticarətin və onun yollarının inkişafına səbəb olub. Böyük İpək yolu Parfiya dövləti, Roma imperiyası, Sasani imperiyası, Bizans imperiyası, Ərəb xilafəti, Türk dövlətləri, Monqol imperiyası, Osmanlı imperiyası kimi qlobal səviyyədə böyük dövlətlərin nəzarət etdiyi və təhlükəsizliyinə təminat verdiyi quru yolları şəbəkəsi idi. XVIII əsrə qədər fəaliyyətdə olan Böyük İpək yolunun bir qolu Qafqazdan, Azərbaycandan keçərək əsas karvan yollarına qoşulurdu. Lokal səviyyədə baxsaq, Şamaxı və Ağsu şəhərləri arasındakı məşhur karvan, dib, dəvə yolu adlandırılan Ortabulaq yolu məhz tarixi Böyük İpək yolunun bir parçası idi. Sufizmin İslam dünyasında yeni fikir, düşüncə sahəsi kimi inkişafı onun müəssisələrinin qurulmasına gətirib çıxarmışdır. Nisbətən azad fikir üzərində qurulan və hər əsrdə yenilikçi kamil insanların, alimlərin olacağına inanan sufilər tədricən Böyük İpək yolu üzərində öz xanəgahlarını inşa etməyə başladılar. Şəriət, təriqət, həqiqət və mərifət mərhələlərində böyük şeyxlər, hər kəs tərəfindən qəbul edilən və hörmət olunan təlqin sahibləri maddi yolçuların mənəvi atalarına çevrildilər. Xanəgahlar Böyük İpək yolu üzərində ödənişsiz mehmanxana, yeməkxana, dərsxana, kitabxana, şəfaxana rolunu oynayırdı. Məşhur səyyahların, o cümlədən İbn Bəttutənin səyahətnamələrindən də göründüyü kimi, hər kəs yolu üzərindəki xanəgahlara yaxınlaşa, orada hörmət görə, qonaq qala bilərdi. Tarixi yolların bərpası həm də tarixi yaddaşın bərpasıdır. Yollar və xanəgahları əhatə edən məruzədə mədəni və sosial mühitlə mədəni landşaftların əlaqəsi təqdim olunur və günümüzdə bərpası yolları göstərilir. 

Sonra "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, M.Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmalar şöbəsinin elmi işçisi Şəhla Xəlilli Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Səma Alməmmədli ilə həmmüəllif olduğu “Tarixi boyaqçılıq və bitkilərin müxtəlifliyi” mövzusunda məruzə edib. O, bildirib ki, tədqiqatın həyata keçirildiyi Ağsu rayonu ərazisi müxtəlif landşaft mənzərəsinə malikdir. Burada Aran və Dağlıq bölgələr müxtəlif bitki örtüyünün təmsil olunmasına gətirib çıxarır. Lakin bununla belə biomüxtəlifliyin öyrənilməsi və qorunması problem olaraq qalır. Məsələn: XVIII əsrdə Ağsu şəhəri boyaqotu istehsalı və ixracına görə dünyada fərqləndiyi halda, indi bu bitkinin yetişdirilməsi və istifadəsi yox səviyyəsindədir. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının əsas istiqamətlərindən biri bioloji müxtəlifliyin davamlı istifadəsində ekosistem çərçivəsində yanaşmanın vacibliyini nəzərə alaraq nadir və nəsli kəsilmək təhlükəsində olan bitki və heyvan növlərinin qorunmasına üstünlük verilməsi, yerli ənənələrin və mədəni dəyərlərin nəzərə alınmasıdır. Tədqiqatçılar Ağsu şəhəri və onun 10 km çevrəsindəki boyaqçılıqla bağlı bitki örtüyü və növlərinin məlumat bazasını yaratmağı, onların qorunması, bərpası yollarını müəyyən etməyi, yeni müxtəlif növlərin yetişdirilməsini planlaşdırdıqlarını bildiriblər. 

Daha sonra "Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini Şölə Bayramova fərdi sahibkar Elxan Xəlilovla həmmüəllif olduğu “Yaşıl konservasiya çağırışları: Ağsuda ənənəvi inşaat emalatxanası” adlı məruzəsini təqdim edib. O, bildirib ki, bu gün dünyada qədim və orta əsr inşaat materialları və texnikası yenidən şərh edilir, hermenevtik baxış mövcuddur. Azərbaycanda son zamanlar aparılan arxeoloji qazıntıların konservasiya problemi məhz belə inşaat qalıqlarının qorunması ilə bağlıdır. Hazırda Azərbaycan Respublikasında inşaat şirkətləri bərpa layihələrində əsasən sement, dəniz qumu, başqa bərpaya yaramayan materiallardan istifadə edirlər. Beynəlxalq standartlar əsasında tarixi abidələrin bərpa olunması üzrə xüsusi protokollar var. Həmin protokollara uymayan materiallardan istifadə edilməsinin başlıca səbəbi həmin materialların xarici ölkələrdə baha qiymətə olması və onun ölkəyə gətirilməsinin sərf etməməsidir. Məqsədimiz ölkəmizdə daxili xammal əsasında çaydaşı, bişmiş kərpic, çay qumu kimi materiallar vasitəsilə bərpa inşaat məhsullarının istehsal edilməsidir. Azərbaycan üçün ilk dəfə olaraq konservasiya, bərpa və təmir işlərində istifadə edilən yerli xammallarla yerli ənənəvi texnologiya əsasında məhsullar hazırlanması planlaşdırılır. Ölkə ərazisində işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində bu xammaldan geniş istifadə olunmasını gözləyirik.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli konfransın Elmi Komitəsinin Azərbaycandan olan yeganə üzvüdür.

Mərkəzi Romada yerləşən YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Beynəlxalq Assosiasiyası (www.yococu.com) dünyada mədəni irsin qorunması və bərpası istiqamətində aparılan tədqiqatlar və həyata keçirilən konservasiya layihələrini birləşdirən gənc alimlər şəbəkəsidir. Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq konfranslarının dördüncüsü 2014-cü ildə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Ağsu şəhərində keçirilmiş, materialları Kembric Alimləri Nəşriyyatında çap edilmişdi.