Ağsu rayonu Gəgəli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Zəfər qəhrəmanı İbişov Vüsal Əli oğlunun anım mərasimi keçirilib. Anım mərasiminə Ağsu rayonu İcra hakimiyyətinin başçısı Rövşən Bağırov, icra hakimiyyətinin rəhbər işçiləri, idarə rəhbərləri, şəhid ailələri, qazilər, Gəgəli kənd icra nümayəndəliyi əməkdaşları, bələdiyyə üzvləri, müəllimlər, kənd sakinləri qatılıblar. Rövşən Bağırov şəhid atası Əli İbişovla görüşüb, ona başsağlığı verib və qayğıları ilə maraqlanıb. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər haqqında danışıb. Nuran xatun məscidinin imamı Hacı Nurəddin Qurani-Kərimdən ayələr oxuyub, dualar edib. Sonra anım mərasiminin iştirakçıları Zeyvə nənə qəbristanlığında şəhid Vüsal İbişovun xatirə abidəsini ziyarət ediblər. Qəbri başında dualar ediblər. Anım mərasimində kənd icra nümayəndəsi müavini Hamlet İsayev, bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məktəb direktorları Sabit Abdullayev və Vəlican Mikayılov, şəhid ataları Pərviz Quliyev, Elçin Rəhimov, şəhidin atası Əli İbişov və digər iştirakçılar çıxış edərək xatirələrini bölüşüblər, şəhid Vüsal İbişovun qəhrəmanlıqları haqqında danışıblar. Daha sonra anım mərasimi şəhid Vüsal İbişovun evində davam edib.