İlqar Hüseynov
Hüseynov İlqar Ağəli oğlu 1 iyun 1963-cü ildə Ağsu rayonunun Gəgəli kəndində Kənd Sovetinin sədri ailəsində anadan olmuşdur. O, 1970-ci ildə Gəgəli kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. İlqar Hüseynov 1980-1981-ci illərdə Ağsu şəhəri 118 nömrəli texniki-peşə məktəbini bitirərək traktorçu-maşinist ixtisasına yiyələnmişdir. 1981-1982-ci illərdə Şamaxı sürücülük məktəbini bitirmişdir. 1982-1984-cü illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1984-1985-ci illərdə Paris Kommunası kolxozunda mal fermasında naxırçı olmuşdur. 1986-1987-ci illərdə həmin kolxozda zootexnik, 1987-1992-ci illərdə ferma müdiri işləmişdir. 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu zoomühəndis ixtisası ilə bitirmişdir. 1992-1994-cü illərdə Paris Kommunası kolxozu İdarə Heyətinin sədri, 1994-1998-ci illərdə Şirməmməd Məmmədov adına kolxozun İdarə Heyətinin sədri işləmişdir. 1998-1999-cu illərdə Yerli Aqrar İslahat Komissiyasının sədri olmuşdur. O, 2000-2010-cu illərdə Ağsu rayonu Gəgəli Bələdiyyəsinin sədri işləmişdir. 2010-2015-ci illərdə İlqar Hüseynov Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Ağsu rayon şöbəsinin müdiri olmuşdur. 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Universiteti Distant və Əlavə Təhsil Mərkəzini bitirmişdir. 2015-ci ildən kənd təsərrüfatı sahəsində sahibkar kimi fəaliyyət göstərir. O, eyni zamanda 2018-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışır. Gəgəli Bələdiyyəsinin sədri işlədiyi müddətdə kəndin abadlaşdırılması və sosial rifahın yaxşılaşdırılması üçün fəaliyyət göstərmiş, kənddə su anbarlarının, bələdiyyə binasının, dəmir körpünün tikilməsi kimi inşaat işləri görmüşdür.