Ağsu rayonu Gəgəli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Zəfər qəhrəmanı Süleymanlı Elmir Aqil oğlunun anım mərasimi keçirilib. Anım mərasiminə Ağsu rayonu İcra hakimiyyətinin başçısı Rövşən Bağırov, icra hakimiyyətinin rəhbər işçiləri, idarə rəhbərləri, şəhid ailələri, qazilər, Ağsu Tədris Mərkəzinin kollektivi, Gəgəli kənd icra nümayəndəliyi əməkdaşları, bələdiyyə üzvləri, müəllimlər, kənd sakinləri qatılıblar. Rövşən Bağırov şəhid atası Aqil Süleymanovla görüşüb, ona başsağlığı verib və qayğıları ilə maraqlanıb. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər haqqında danışıb. Nuran xatun məscidinin imamı Hacı Nurəddin Qurani-Kərimdən ayələr oxuyub, dualar edib. Sonra anım mərasiminin iştirakçıları Zeyvə nənə qəbristanlığında şəhid Elmir Süleymanlının xatirə abidəsini ziyarət ediblər. Qəbri başında dualar ediblər. Anım mərasimini bədii formada Ağsu Tədris Mərkəzinin müəllim və şagird kollektivi tərtib ediblər. Məktəblilər bədii kompozisiyalar səsləndiriblər. Kənd icra nümayəndəsi müavini Hamlet İsayev, bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məktəb direktorları Sabit Abdullayev və Vəlican Mikayılov, şəhid ataları Pərviz Quliyev, Əli İbişov, Aqil Süleymanov, şəhid anası Ofelya Süleymanova və digər iştirakçılar çıxış edərək xatirələrini bölüşüblər, şəhid Elmir Süleymanlının qəhrəmanlıqları haqqında danışıblar. Daha sonra anım mərasimi şəhid Elmir Süleymanlının evində davam edib.