Quliyev Şahin Tarverdi oğlu 1956-cı ilin yanvar ayının 10-da Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Şahin Quliyevin atası Quliyev Tarverdi Seyid oğlu “Paris Kommunası” kolxozunun mühasibi işləmiş, anası Quliyeva Tubu Yusif qızı evdar qadın olmuşdur. Uşaqlığını Gəgəli kəndində keçirən Şahin Quliyev 1963-1973-cü illərdə Gəgəli kənd orta məktəbində oxumuşdur. O, IX və X siniflərdə rayon üzrə keçirilən kimya və biologiya fənləri olimpiadalarında birinci yer tutduğu üçün Respublika fənn olimpiadalarına göndərilmiş və orada da yaxşı nəticələr göstərmişdir. 1976-1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Şahin Quliyev 1980-ci ildə Azərbaycan Tibb İnstitutuna qəbul olmuş, 1986-cı ildə institutu fərqlənmə ilə başa vurmuşdur. O, 1987-ci ildə Akademik Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçmişdir. Şahin Quliyev həmin ilin avqust ayının 1-dən Gəgəli kənd ambulatoriyasına baş həkim vəzifəsinə təyin edilmişdir.
19 noyabr 1993-cü ildə baş leytenant Şahin Quliyev həkim kimi Ağsu rayonunun hərbi komisarlığından hərbi xidmətə çağırılmışdır. O, general Rövşən Əkbərovun başçılıq etdiyi N saylı hərbi hissədə, Füzuli rayonunun Əhmədbəyli kəndi və Tərtər rayonunun Seysulan kəndi ərazisində ön cəbhədə xidmət etmişdir. Baş leytenant Şahin Quliyev 13 may 1994-cü ildə Tərtər rayonunun Seysulan kəndi ərazisində həkim vəzifəsini yerinə yetirərkən şəhid olmuş, 14 may 1994-cü ildə Gəgəli kəndində “Zeyvə nənə” qəbristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 31 sentyabr 1994-cü ildə Ağsu şəhəri Mərkəzi Xəstəxanasına şəhid Şahin Quliyevin adı verilmişdir.