24 oktyabr 2021-ci ildə Ağsu rayonu Gəgəli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Zəfər qəhrəmanı, xüsusi təyinantlı qüvvələrin leytnantı Quluzadə Kamran Pərviz oğlunun anım mərasimi keçirilib. Anım mərasiminə Ağsu rayonu İcra hakimiyyətinin başçısı Rövşən Bağırov, millət vəkili Tahir Kərimli, icra hakimiyyətinin rəhbər işçiləri, idarə rəhbərləri, şəhid ailələri, qazilər, Ağsu Tədris Mərkəzinin kollektivi, Gəgəli kənd icra nümayəndəliyi əməkdaşları, bələdiyyə üzvləri, müəllimlər, kənd sakinləri qatılıblar. Rövşən Bağırov və Tahir Kərimli şəhid atası Pərviz Quliyevlə görüşüb, ona başsağlığı verib və qayğıları ilə maraqlanıblar. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər haqqında danışıb. Gəgəli kənd icmasının din xadimi Elvin Həsənov Qurani-Kərimdən ayələr oxuyub, dualar edib. Sonra anım mərasiminin iştirakçıları Zeyvə nənə qəbristanlığında şəhid Kamran Quluzadənin xatirə abidəsini ziyarət ediblər. Qəbri başında dualar ediblər. Anım mərasimini bədii formada Ağsu Tədris Mərkəzinin müəllim və şagird kollektivi tərtib ediblər. Ərəbuşağı kənd tam orta məktəbi və Gəgəli məktəblərinin şagirdləridə şeir çələngi təqdim ediblər. Məktəblilər bədii kompozisiyalar səsləndiriblər. Kənd icra nümayəndəsi müavini Hamlet İsayev, bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məktəb direktorları, şəhid ataları Pərviz Quliyev, Əli İbişov, Aqil Süleymanov, şəhid anası Maya Quliyeva və digər iştirakçılar çıxış edərək xatirələrini bölüşüblər, şəhid Kamran Quluzadənin qəhrəmanlıqları haqqında danışıblar. Daha sonra anım mərasimi şəhid Kamran Quluzadənin evində davam edib.