Yeni biznesin uğur qazanması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni məhsul və xidmətlərin yaradılması zamanı bu sahədə tələbatın, müştərilərin, rəqiblərin, satış şəbəkəsinin və s. bu kimi məlumatların öyrənilməsi önəmlidir. Bu istiqamətdə bazar araşdırmaları əhəmiyyətli məlumat mənbəyi hesab olunur. Yanvarın 17-də Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Ağsu rayonunda "Bazarın öyrənilməsi və seqmentasiyası" mövzusunda təlim keçirilib. 8 iştirakçının olduğu təlimdə Ağsu-Kürdəmir KOBİM-in eksperti biznes və iş adamı anlayışı, bazarın düzgün analiz edilməsinin biznes ideyanın reallaşmasındakı əhəmiyyəti və biznes strategiyalarının işlənib hazırlanması barədə ətraflı məlumat verib. Sahibkarlara ixrac sahəsində əlaqələrin genişləndirilməsi, yeni satış bazarlarının tapılması, elektron ticarət, biznes tərəfdaşlığı izah edilib, onların sualları cavablandırılıb.Sonda təlimdə fəal iştirak edənlərə sertifikat verilib. Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.
link: https://kurdemir.kobim.az/az/news/agsu-kurdemir-kobim-in-terefinden-sahibkarlar-ucun-telim-kecirilib