Şimali Makedoniyada X Beynəlxalq “Ohrid-Vodiçi 2022” Konfransı keçirilib
17-18 yanvar tarixlərində Makedoniyanın Ohrid şəhərində Müqəddəs Apostol Pavel Universiteti Film İnstitutunun Amfiteatrında Şimali Makedoniya Strateji Araşdirmalar Mərkəzi (Skopye), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Aydın Adnan Menderes Universiteti (Türkiyə), Moskva Universiteti Rusiya Politologiyası şöbəsi (Rusiya) və ABŞ Mayamidə yerləşən Qlobal Proseslər Jurnalı (ABŞ) təşkilatçılığı ilə X Beynəlxalq “Ohrid-Vodiçi – 2022” Konfransı keçirilib. Konfransın əsas mövzusu qlobal tendensiyalar və şəxsiyyətlərlə bağlı təhdidlər, mədəni irs, ətraf mühit, yaradıcı birliklər, turizm və davamlı yerli/regional inkişaf olub. Konfransda Şimali Makedoniya, Azərbaycan, Türkiyə, Bolqarıstan, Serbiya, ABŞ, Braziliya, Yunanıstan, Albaniya, Rusiya və digər ölkələrdən alimlər, tədqiqatçılar məruzə ilə çıxış ediblər.
Konfransın açılış mərasimində konfansın elmi komitəsinin sədri Prof.Dr. Rubin Zemon, Ohrid şəhərinin meri Dr. Kiril Pecakov, Şimali Makedoniya Respublikası “Bir Cəmiyyət və İnterkulturalizm Hərəkatı” üzrə milli koordinator Robert Alagözovski, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həmtəsisçisi, Gəgəli bələdiyyəsinin sədri Dr. Fariz Xəlilli, Aydın Adnan Menderes Universitetinin müəllimi Dr. Ahmet Aytaç, Moskva Universiteti “Rusiya Politologiyası” jurnalının baş redaktoru Andrey Qoroxov, “Qlobal Proseslər” jurnalının baş redaktoru Zoran Vitorovic açılış nitqi ilə çıxış ediblər. Konfransa Azərbaycandan “Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Dr. Fariz Xəlilli "Tarixi İpək yolu üzərində Azərbaycan sufi xanəgahları", Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Dos.Dr. Həbibə Əliyeva “Qarabağda erməni vandalizminin qurbanına çevrilmiş epiqrafik abidələrimiz”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı Şəbnəm Əliyeva “Şuşa və ətraf ərazilərin arxeologiyası”, AMEA Naxçıvan Bölməsinin əməkdaşları Günel Əsgərova və Samira Məmmədova “Azərbaycanın mühacir ədəbiyyatının poetik ulduzları”, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai Birliyinin üzvləri Dr. Elmira Abasova və Fidan Quluzadə “Azərbaycan ziyalıları - Həsən bəy Zərdabi” mövzularında məruzə ilə qatılıblar.
Dr. Fariz Xəlilli bildirib ki, Türk dünyasını birləşdirən əsas şəbəkələrdən biri tarixi İpək yoludur. İpəyin qərbə doğru yayılmasını izləyən bu yol eramızın bütün əsrlərində işlək olmuşdur. Yol mədəniyyətdir, anlayışı ilə hərəkət edən əcdadlar yol kənarlarında sosio-mədəni mərkəzlər inşa ediblər. Belə mərkəzlərdən biri xanəgahlardır. Xanəgahlar sufilərin pedaqoji və psixoloji təlim mərkəzləridir. Burada tədrislə yanaşı, təlqinlər də həyata keçirilir, insanların tibbə dair problemləri həll edilir, onlara xidmət göstərilirdi. Tələbələrin sayına görə belə mərkəzlər müəyyən vaxtlarda genişlənir və ya kiçilirdi. Mərkəzi quran şəxsin - şeyxin vəfat etdikdən sonra həmin mərkəzin həyətində dəfn edilməsi ilə mərkəzlərdə fəaliyyət dayanmır, davamlı xarakter alırdı. Məruzədə tarixi İpək yolunun Azərbaycandakı Şamaxı-Ağsu hissəsi üzərində qurulmuş xanəgahlar (Kələxana xanəgahı, Çarhan xanəgahı, Pir Bəxtiyar xanəgahı, Şeyx Dursun xanəgahı, Şıxməzid xanəgahı) və onların fəaliyyəti haqqında bəhs edilib.
Konfransda IX Ohrid Vodiçi - 2021 "Pandemiya şəraitində mədəni irs, ətraf mühit, elmi tədqiqat və turizm" Konfransının məqalələr kitabı konfrans iştirakçılarına təqdim olunub.