Yanvarın 20-də Ağsu rayonunun Gəgəli kəndində şəhid əsgər Cəbrayıl Gərayevin və 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib. Anım mərasimində kəndin rəhbər işçiləri, şəhid ailələri, kənd sakinləri, şəhidin yaxınları, müəllim və məktəblilər iştirak ediblər. Əvvəlcə qarlı hava olmasına baxmayaraq Gəgəli kəndi Şəhidlər xiyabanında mərasimin rəsmi hissəsi baş tutub. Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək bildirib ki, "Qara Yanvar" hadisəsindən 32 il, eloğlumuz Cəbrayıl Gərayevin şəhid olmasından isə 29 il ötür. Kənd camaatı, dövlətimiz şəhidlərin xatirəsini həmişə əziz tutur. Əvvəllər Ağdam rayonunun Xramort kəndi adlandırılan Xocalı rayonunun Pirlər kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan eloğlumuz 1993-cü ilin yanvar ayının 20-də kənd qəbristanlığında dəfn olunub. Ağsu şəhərində küçələrin birinə onun adı verilib. Anım günlərinin təşkilatçısı Elvin Həsənov Cəbrayıl Gərayev haqqında məruzə ilə çıxış edib. O, bildirib ki, Gərayev Cəbrayıl Ağababa oğlu 1973-cü ilin noyabr ayının 17-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Cəbrayıl Gərayevin atası Gərayev Ağababa Gəray oğlu "Paris Kommunası" kolxozunda işləyib, anası Gərayeva Gülputa Yusif qızı evdar qadın olub. Uşaqlığını Gəgəli kəndində keçirən Cəbrayıl Gərayev 1981-1991-ci illərdə Gəgəli kənd orta məktəbində oxuyub. O, 1992-ci ildə həqiqi hərbi xidmətə gedib, həqiqi hərbi xidməti zamanı 1993-cü ildə yanvar ayının 20-də indiki adı ilə Xocalı rayonu Pirlər kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. 1993-cü ildə şəhid Cəbrayil Gərayev geniş ictimaiyyətin iştirakı və xüsusi mərasimlə Gəgəli kəndində "Zeyvə nənə" qəbiristanlığında dəfn edilib. Ağsu şəhərinin küçələrinin biri şəhid Cəbrayıl Gərayevin adını daşıyır. Mərasimdə şəhid Cərayıl Gərayevin qardaşı Rauf Gərayev və şəhidin sinif yoldaşı Çingiz Mikayılov çıxış edib, xatirələrini bölüşüblər. Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin şagirdləri, şəhidin qardaşı qızları Aytac və Nərgiz şeir söyləyiblər. Tədbir iştirakçıları "Zeyvə nənə" qəbristanlığında şəhid Cəbrayıl Gərayevlə yanaşı, Gəgəli kəndinin bütün şəhidlərinin qəbirlərini ziyarət ediblər, 20 yanvar şəhidlərini yad ediblər, dualar oxuyublar. Sonda tədbir iştirakçıları şəhidin anası Gülputa Gərayevaya baş çəkiblər, onun şəhid oğlu haqqında xatirələrini dinləyiblər.