Azərbaycanda fəaliyyət göstərən bələdiyyələr hələ də torpaqların elektron uçot xəritələrini əldə edə bilməyiblər. Bununla bağlı dövlət qurumlarına edilən müraciətləri də cavabsız qalıb.
Qarşılaşdıqları problemlərlə bağlı İndex.az-a danışan Ağsu rayonundakı Gəgəli Bələdiyyəsinin sədri Fariz Xəlilli bildirib ki, xəritələrin verilməməsi bələdiyyələrin işinə ciddi maneə yaradıb. Nəticədə bələdiyyələr gəlirlərindən məhrum olub:
“Ən böyük problemlərdən biri əmlakın düzgün sənədləşdirilməməsi ilə bağlıdır. Ədliyyə Nazirliyi bununla bağlı bələdiyyələrə müxtəlif tövsiyyələr göndərir. Onların əsasında biz müəyyən dəqiqləşmələr apara bilərik. Amma bu həm işimizi çətinləşdirir, həm də bəzən məlumatların bir-birinə uyğun olmaması üzə çıxır. 2021-ci ildə rayon icra hakimiyyətindən və yerli əmlak idarələrindən bildirdilər ki, aprel ayında elektron uçot xəritələri bələdiyyələrə veriləcək. Lakin hələ də sənəd bizə verilməyib. Ancaq onun əsasında Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyələrə ödənişli xidmətlər göstərirlər. Bələdiyyənin torpağının tanınması, mülkiyyətində olan torpaqlara rəylərin, çıxarışların verilməsi və s. üçün çox böyük vəsaitlər xərcləyirik. Bütün bunlar ölkədə inkişafa, bələdiyyələrin normal fəaliyyətinə mane olur”.
F.Xəlilli dövlət qurumlarına ünvanlanan məktublarına dəqiq cavab verilmədiyini, çox hallarda cavabsız qaldığını deyib. Sənədlərin illərlə yubadıldığını vurğulayıb:
“Elektron uçot xəritələrinin verilməsi ilə bağlı bir neçə dəfə İqtisadiyyat Nazirliyinə məktub yazmışıq. Cavablar yarımçıq gəlib çıxır, bələdiyyələri yola verirlər. Bir dəfə məktuba cavab verdilər ki, bu məsələ ilə bağlı Milli Məclis qərar qəbul etməlidir. Az sonra Gəgəli bələdiyyəsinə məlumat verildi ki, Milli Məclisdən xəritə gəlib. Baxdıq ki, həmin xəritə hələ 2018-ci ildə Oqtay Əsədovun imzaladığı xəritədir. Artıq onun rəhbərlik etdiyi parlament buraxılıb, yenisi seçilib. Ancaq onun imzaladığı sənəd hələ 2021-ci ildə gəlib çıxıb. Bu hesabla elektron uçot xəritəsi bizə nə vaxt gəlib çatacaq?”
Bu problemlərin bələdiyyə büdcəsinin formalaşmasına mənfi təsir etdiyini deyən F.Xəlilli dövlət qurumlarına olan borclara da toxunub: “Biz çox xahiş edirik bələdiyyələrin işini yubatmasınlar. Onların büdcələrinin formalaşmasının qarşısını almasınlar. Bələdiyyənin dövlət aktını da bizə vermirlər. Bütün bunlar bələdiyyələrin işinə ciddi mənfi təsir edir. Üstəlik bələdiyyələri DSMF-yə borclu olmaqda ittiham edirlər. Bu doğru deyil. Bələdiyyənin əlini qolunu bağlayıb, digər tərəfdən borc tələb edirlər. Ona görə də bütün bürokratik əngəllər aradan qaldırılmalıdır ki, bələdiyyələr öz büdcəsini təmin edə bilsin. Bu gün Gəgəli Bələdiyyəsinin DSMF-yə və digər qurumlara heç bir borcu yoxdur”.
Yerli özünüidarəetmə qurumlarının digər problemi bələdiyyə torpaqlarının icarə və satış qiymətlərinin bazar qiymətlərindən çox aşağı olmasıdır. Son illərlə həmin qiymətlərdə artım olsa da günü tələbinə cavab vermir. Məsələn, hazır da Ağsuda bələdiyyə torpağının 1 hektarı üçün illik icarə haqqı cəmi 30 manat müəyyən olunub. Halbuki, həmin ərazidə torpağın real icarə qiymətləri 100-150 manat arasında dəyişir. F.Xəlilli torpaq qiymətlərinin bazara uyğunlaşdırılmasında dövlət qurumlarının bələdiyyələrə dəstək vermədiyini vurğulayıb:
“Torpaqların böyük hissəsini isə iri sahibkarlar icarəyə götürüb. Onlar dövlətin nəzarətindədir, işləmələri üçün müəyyən güzəştlər verilir və s. Bu səbəbdən İqtisadiyyat Nazirliyinin qurumları bələdiyyə mülkiyyətində olan torpaqların qiymətinin aşağı həddə saxlanmasında maraqlıdırlar. Şifahi söhbətlərdə bazar qiymətinə uyğunlaşdırılmasına tərəfdar olduqlarını bildirsələr də əməli işə gələndə əksinə, bizə mane olurlar. Bələdiyyənin öz mülkiyyətində olan torpaqları bazar qiymətinə uyğunlaşdırmağa bizə dəstək vermirlər. Hərraclarda, icarə müqavilələrində aşağı qiymətlərin saxlanılmasında maraqlıdırlar. Bunun səbəbini anlamıram. İstər aqroparklar, istər iri sahibkarlar bələdiyyənin torpağını istifadə edirlərsə, normal ödəniş etsinlər. Ya da bələdiyyələrin yerli layihələrinə dəstək verməlidirlər. Dəfələrlə sahibkarlara müraciət etmişik, heç bir reaksiya verilmir”.
Bələdiyyə sədri qiymətlərin mərhələli şəkildə artırılmasına da razı olduqlarını bildirib. Gəlirlərin artmasının yerli icmaların inkişafına sərf olunması baxımından əhəmiyyətli olduğunu qeyd edib:
“Gəgəli sakinləri 1 hektar torpaq üçün illik 100-150 manat ödəniş edirlər. Ancaq sahibkarlar ildə 2 dəfə əkin aparmaqlarına baxmayaraq, istifadə etdikləri bələdiyyə torpaqları üçün ödənişləri etmirlər. İri sahibkarlar məktublara cavab vermirlər. Biz demirik ki, bu gün 150 manat olsun. Ən azı 60-70 manat olsun. Və mərhələli şəkildə bazar qiymətlərinə uyğunlaşdıraq. Bu, bələdiyyənin bir çox problemlərinin həll olunmasına imkan verər. Ən azı kənd yollarını asfaltlaya bilərik. Dövlətin də yükü azalar. Həmin sahibkar işlətməsin, verək başqası 100-150 manata icarəyə götürsün. Niyə biz iri sahibkarlardan asılı olmalıyıq?”
F.Xəlilli bu məsələlərdə dövlət qurumlarının bələdiyyələrə dəstək verməsinin vacibliyini vurğulayıb.
Link: https://index.az/right/11062-bldiyylr-elektron-tl-ad-olub-ozu-olmayan-torpaqlar.html