Aprelin 19-da Ağsu rayonunun Gəgəli kəndində şəhid əsgər Namik Talışovun anım mərasimi keçirilib. Anım mərasimində kəndin rəhbər işçiləri, şəhid ailələri, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları "Zeyvə nənə" qəbristanlığında şəhid Namik Talışovun məzarını ziyarət ediblər, dualar oxuyublar. Sonra anım mərasimi iştirakçıları şəhid Namik Talışovun ailəsi tərəfindən verilən iftar süfrəsi ətrafında toplaşıblar.
Anım mərasimlərinin təşkilatçısı, ilahiyyatçı Elvin Həsənov şəhid Namik Talışov haqqında məlumat verib. O bildirib ki, Talışov Namik Mürşüd oğlu 1971-ci ilin mart ayının 1-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Namik Talışovun atası Talışov Mürşüd Abbasəli oğlu "Paris Kommunası" kolxozunda işləyib, anası Talışova Aydangül İsbat qızı evdar qadın olub. Uşaqlığını Gəgəli kəndində keçirən Namik Talışov 1978-1988-ci illərdə Gəgəli kənd orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 1989-1991-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılıb, şəxsi şücaətlər göstərib, 1993-cü il aprel ayının 19-da Murov dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, 1993-cü ildə geniş ictimaiyyətin iştirakı və xüsusi mərasimlə Gəgəli kəndində "Zeyvə nənə" qəbiristanlığında dəfn edilib. Ağsu şəhərinin küçələrindən biri şəhid Namik Talışovun adını daşıyır.
Mərasimdə Gəgəli bələdiyyəsinin sədr müavini Xəyyam İbadzadə, şəhid Namik Talışovun qardaşı Şirzad Talışov, şəhid atası Əli İbişov çıxış edib, xatirələrini bölüşüblər.