18 iyun 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 10 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən səkkiz üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "Uçotda olmayan inventarların mühasibat uçotu subyektinin balansına daxil edilməsi" məsələsinin müzakirəsi olmuşdur. Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: 01 mart 2022-ci il tarixli 08/2022 saylı xidməti müqaviləyə əsasən “Uçotda olmayan inventarların mühasibat uçotu subyektinin balansına daxil edilməsi” üzrə xidməti işlərin həyata keçirilməsi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinə həvalə olunmuşdur. Birliyin ekspertləri Qafqaz Qəhrəmanlı və Ziya Məmmədov tərəfindən Gəgəli bələdiyyəsinə məxsus aktivlərin, yəni torpaq, tikili, avadanlıqların və digər aktivlərin inventarizasiyasını, yəni mövcudluğunu aşkara çıxarmaq və onların sənədlərini bərpa etmək məqsədi ilə bələdiyyə aktivlərinin inventarizasiya edilməsi prosesində işçi qrupunun təlimatlandırılması ilə bağlı təlimat hazırlanmışdır. Daha sonra qiyməti olan və qiyməti olmayan aktivlərin siyahısı hazırlanmışdır. Həmin siyahı nəzərə alınmaqla ekspertlər tərəfindən müvafiq olaraq iltizamnamə sənədləri, inventarların qalıqları haqqında arayış, sintetik uçot, aktivlərin uçotu kitabları, əmlakın uçot kartları hazırlanmış və bələdiyyə sədrinə yerində təhvil verilmişdir. Daha sonra Birliyin eksperti Ziya Məmmədov tərəfindən bələdiyyə əməkdaşlarına bələdiyyənin balansında olan inventarların illik olaraq amortizasiyasının hesablanması, mənfəət vergisi hesabatında əks etdirilməsi və əmlak vergisi hesabatının bəyannamə tərtibatı proqramında əks etdirilərək Dövlət Vergi Xidmətinə göndərilməsini özündə əks etdirən təlim keçirilmişdir. Qeyd edək ki, inventarizasiya prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il tarixli Q-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və Öhdəliklərin inventarizasiyası” qaydaları ilə tənzimlənir. Sonra bələdiyyə üzvü Baxış Əlişahlı və bələdiyyə üzvü Murad Dəmirli qaldırılan məsələyə dair fikrini bildirdi, uçotda olmayan inventarların mühasibat uçotu subyektinin balansına daxil edilməsi ilə razı olduqlarını qeyd etdilər. İclasda qərara alındı: 1. Uçotda olmayan inventarlar mühasibat uçotu subyektinin balansına daxil edilsin; 2. Mühasibatlıq savadlılığının artırılması sahəsindəki fəaliyyətlər davam etdirilsin; 3. Mühasibatlıq bu qərardan irəli gələn məsələləri həll eləsin; 4. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 5. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilliyə tapşırılsın.