07 iyul 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 11 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən altı üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "Qurban bayramında şəhid ailələri və qazilərə bələdiyyə adından qurbanlıq payların verilməsi" məsələsinin müzakirəsi olmuşdur.
Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun dördüncü maddəsində verilən yerli sosial müdafiə və sosial inkişaf proqramları çərçivəsində şəhid ailələri və qazilərə Qurban bayramında qurbanlıq payların verilməsi təklif olunur. Bu məqsədlə kənddə dini ayinləri icra edən, şəhid anım günlərini təşkil edən, ilahiyyatçı Elvin Həsənova qurbanlıq heyvan alınması, onun kəsilməsi və paylanması üçün bələdiyyə büdcəsindən 270 (iki yüz yetmiş) manat vəsait ayrılması nəzərdə tutulur. Hesabat sənədlərinə qurbanlıq payların verilməsi ilə bağlı akt əlavə edilsin.
Sonra bələdiyyə üzvü Xəyyam İbadzadə və bələdiyyə üzvü Baxış Əlişahlı qaldırılan məsələyə dair fikrini bildirdi, qurban bayramında şəhid ailələri və qazilərə bələdiyyə adından qurbanlıq payların verilməsinə və aktlaşdırılmasına razı olduqlarını qeyd etdilər.
İclasda qərara alındı: 1. Qurban bayramında şəhid ailələri və qazilərə bələdiyyə adından qurbanlıq payların verilməsi ilə əlaqədar kənddə dini ayinləri icra edən, şəhid anım mərasimlərini təşkil edən, ilahiyyatçı Elvin Həsənova bələdiyyə büdcəsindən 270 (iki yüz yetmiş) manat vəsait ayrılsın; 2. Hesabat sənədlərinə qurbanlıq payların verilməsi ilə bağlı akt əlavə edilsin; 3. Mühasibatlıq bu qərardan irəli gələn məsələləri həll eləsin; 4. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 5. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədr müavini Xəyyam İbadzadəyə tapşırılsın.