Bələdiyyə ərazisində yanğın təhlükəsizliyi ilə bağlı kənd sakinləri arasında maarifləndirmə işlərinin aparılması və mühafizə tədbirlərinin davam etdirilməsi

07 iyul 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 11 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən altı üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "Bələdiyyə ərazisində yanğın təhlükəsizliyi ilə bağlı kənd sakinləri arasında maarifləndirmə işlərinin aparılması və mühafizə tədbirlərinin davam etdirilməsi" məsələsinin müzakirəsi olmuşdur.


Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun altıncı maddəsinə əsasən bələdiyyələr yerli ekoloji proqramlarda yaxından iştirak etməli və onu təşkil etməlidir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”  Azərbaycan Respublikasının Qanununun səkkizinci maddəsinə görə yerli ekoloji proqramların maliyyələşdirilməsi üçün bələdiyyələr xərclər nəzərdə tuta bilər. Təklif olunur ki, bələdiyyə ərazisində yanğın təhlükəsizliyi ilə bağlı kənd sakinləri arasında maarifləndirmə işləri aparılsın, mühafizə tədbirləri davam etdirilsin. Bununla yanaşı, bələdiyyə büdcəsindən yanğına qarşı bələdiyyə ərazisində taxıl sahələri, yol kənarları, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağı və digər aidiyyatı yerlərdə mühafizə məqsədilə görülmüş şum işlərinin xidmət haqqı 400 (dörd yüz) manat olmaqla bu işi görən “Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC”-yə ödənilsin.


Sonra bələdiyyə üzvü Xəyyam İbadzadə və bələdiyyə üzvü Qürbət Kərimov qaldırılan məsələyə dair fikrini bildirdi, yanğın təhlükəsizliyi ilə bağlı işlərin görülməsinə və bu işlərin əvəzinin ödənilməsinə razı olduqlarını qeyd etdilər. 


İclasda qərara alındı: 1. Bələdiyyə ərazisində yanğın təhlükəsizliyi ilə bağlı kənd sakinləri arasında maarifləndirmə işləri aparılsın, mühafizə tədbirləri davam etdirilsin; 2. Yanğına qarşı bələdiyyə ərazisində taxıl sahələri, yol kənarları, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağı və digər aidiyyatı yerlərdə mühafizə məqsədilə görülmüş şum işlərinin xidmət haqqı 400 (dörd yüz) manat olmaqla “Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC”-yə bələdiyyə büdcəsindən ödənilsin; 3. Mühasibatlıq bu qərardan irəli gələn məsələləri həll eləsin; 4. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 5. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədr müavini Xəyyam İbadzadəyə tapşırılsın.