İcarə haqları ödənişlərinə yenidən baxılması, büdcənin dürüstləşdirilməsi və BAMS sistemində icarə haqlarına düzəlişlər edilməsi

07 iyul 2022-ci ildə Azərbaycan Respublikası Ağsu rayonu Gəgəli bələdiyyəsinin 11 saylı iclası keçirilmişdir. İclasda bələdiyyənin doqquz üzvündən altı üzvü iştirak etmişdir. Gündəlikdə duran məsələlərdən biri "İcarə haqları ödənişlərinə yenidən baxılması, büdcənin dürüstləşdirilməsi və BAMS sistemində icarə haqlarına düzəlişlər edilməsi" məsələsinin müzakirəsi olmuşdur.


Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu məsələ ilə bağlı çıxış etmişdir: Bələdiyyə Ehtiyat Fondu torpaqlarının icarəçiləri icarə haqlarının qiymətinin bazar qiymətinə uyğunlaşdırılması ilə bağlı bələdiyyə qərarına etiraz olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və aidiyyatı qurumlara yazılı müraciət ediblər. Müraciətə aidiyyatı üzrə baxılmış və müzakirə edilməsi üçün bələdiyyə iclasına çıxarılmışdır. Doğrudur, Bələdiyyə Ehtiyat Fondu torpaqlarının içərisində əkin torpaqları azlıq təşkil etdiyi halda məhz həmin qiymətlərlə razılaşmırlar. Son hesabat örüş torpaqlarının qanunsuz olaraq əkildiyini də göstərmişdir. Bununla əlaqədar araşdırmalar davam edir. Habelə bələdiyyə müəssisələri istifadə haqqı kimi hektara 100 manat ödədiyi, son hərracda dəmyə torpağının 105 manata icarə verildiyi də nəzərə alınmalıdır. Lakin, sahibkarların qiymətlə bağlı narazılığını və məhsulun azlığını nəzərə alaraq qiymətlərin əvvəlki səviyyədə saxlanılması, bununla əlaqədar bələdiyyə büdcəsinin dürüstləşdirilməsi və BAMS sistemində icarə haqqı qiymətlərində dəyişikliklərin aparılması təklif olunur.


Sonra bələdiyyə üzvü Baxış Əlişahlı və bələdiyyə üzvü Yusif Hacıyev qaldırılan məsələyə dair fikrini bildirdi, bu məsələnin həmişə sədrin səlahiyyətində olmasını istədiklərini, onun təkliflərinə tərəfdar olduqlarını, qiymətlərin əvvəlki səviyyədə saxlanılmasının bələdiyyənin işlərinə mənfi təsir göstərəcəyini anladıqlarını, lakin sahibkarların da problemlərinin anlaşılan olduğuna əsaslanaraq əvvəlki qiymət səviyyəsində saxlanılmasına razı olduqlarını qeyd etdilər.


İclasda qərara alındı: 1. Bələdiyyə Ehtiyat Fondu torpaqlarının icarə haqları 2020-ci ildə razılaşdırılmış qiymət səviyyəsində saxlanılsın və qiymət razılaşmasına gələcəkdə baxılsın; 2. Bununla əlaqədar olaraq bələdiyyənin 2022-ci il büdcəsi dürüstləşdirilsin və aidiyyatı qurumlara göndərilsin; 3. Bununla əlaqədar olaraq BAMS sistemində icarə haqları qiymətində düzəliş edilsin; 4. Mühasibatlıq bu qərardan irəli gələn məsələləri həll eləsin; 5. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilsin; 6. Qərarın icrasına nəzarət Gəgəli Bələdiyyəsinin sədr müavini Xəyyam İbadzadəyə tapşırılsın.