Gəgəli Bələdiyyəsinin ilk iclaslarında bələdiyyə sədrinin 2021-ci il üzrə hesabat məruzəsi dinlənilib, qənaətbəxş hesab edilib, qəbul olunub və təsdiq edilib. Gəgəli bələdiyyəsinin 2022-ci il üçün ştat cədvəli 4 ştat vahidi və illik əmək haqqı fondu 22000 (iyirmi iki min) manat olmaqla təsdiq edilib. Habelə, Gəgəli bələdiyyəsi işçilərinin 2022-ci il üçün məzuniyyət cədvəli təsdiq edilib.Sarılı yeni körpüsünün dəmir-beton işlərini həyata keçirən fiziki şəxs Natiq Osmanlıya və tikinti işləri üçün lazımi mal-materialın alınmasını və yerində təhvil verilməsini həyata keçirən fiziki şəxs Aqil Süleymanova ödənişlər edilmişdir. Körpünün daban yeri, istinad divarı və selqıranları inşa olunmuş, istinad divarının torpaqla təmas edən yerlərinə çınqıl və çaydaşı gətirilərək tökülmüşdür. Büdcə imkan verdiyi halda ilin sonuna qədər körpünün tikinti işlərinin başa çatdırılması planlaşdırılır.Maddi yardımlar bu altı ayda da davam etdirilmişdir. Gəgəli kənd sakinləri Sədiyev Sədrəddin Səfiyəddin oğlu və Sədiyeva Kəmalə Məhəmməd qızına məxsus yaşayış evlərində yanğın dağıntıları bələdiyyə tərəfindən aradan qaldırılmış, evin qalıqları sökülmüş, söküntü həyətdən uzaqlaşdırılmışdır. Gəgəli kənd sakini Mütəllimov Nazif Şakir oğlunun övladı Rəvan Mütəllimovun baş beynində törəmə aşkar olunması ilə əlaqədar əməliyyat xərclərinə dəstək göstərilmiş, gənc həmkəndlimizi evində ziyarət etmiş, ona şəfa diləmişik. Qaraciyər xərçənginin müalicəsi üçün Gəgəli kənd sakini Faiq Mədətova yardım göstərilsə də həmin xəstəlikdən vəfat etmişdir.Müvafiq qanunvericiliyə uyğun olaraq Gəgəli bələdiyyəsinin əmlakı üzrə inventarizasiya keçirilmişdir. İnventarizasiyanın aparılmasında əsas məqsəd mühasibat uçotu subyektlərində əmlakın, o cümlədən aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaq idi. Bələdiyyə əmlakının uçotu indiyə qədər yaradılmadığı üçün iş çətin şəraitdə görülmüş, 64 adda inventar üçün iki cür akt tərtib edilərək bütün daşınar və daşınmaz əmlak inventarizasiya olunmuşdur. Aktlarda inventarın adı, ölçüsü, təyinatı, yerləşdiyi yer, mənbəyi, vəziyyəti və s. göstərilmişdir. Aktlara dair hesabat hazırlanmışdır. İnventarizasiya işi bitirilmiş, aktivlərin uçotunun qurulması üçün hazırlanmışdır. İnventarizasiya işlərinin peşəkar səviyyədə aparılmasını İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi təşkil etmişdir.Uçotda olmayan inventarların mühasibat uçotu subyektinin balansına daxil edilməsi üzrə iş də görülmüşdür. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin ekspertləri Qafqaz Qəhrəmanlı və Ziya Məmmədov tərəfindən Gəgəli bələdiyyəsinə məxsus aktivlərin, yəni torpaq, tikili, avadanlıqların və digər aktivlərin inventarizasiyasını, yəni mövcudluğunu aşkara çıxarmaq və onların sənədlərini bərpa etmək məqsədi ilə bələdiyyə aktivlərinin inventarizasiya edilməsi prosesində işçi qrupunun təlimatlandırılması ilə bağlı təlimat hazırlanmışdır. Daha sonra qiyməti olan və qiyməti olmayan aktivlərin siyahısı hazırlanmışdır. Həmin siyahı nəzərə alınmaqla ekspertlər tərəfindən müvafiq olaraq iltizamnamə sənədləri, inventarların qalıqları haqqında arayış, sintetik uçot, aktivlərin uçotu kitabları, əmlakın uçot kartları hazırlanmış və bələdiyyə sədrinə yerində təhvil verilmişdir. Daha sonra Birliyin eksperti Ziya Məmmədov tərəfindən bələdiyyə əməkdaşlarına bələdiyyənin balansında olan inventarların illik olaraq amortizasiyasının hesablanması, mənfəət vergisi hesabatında əks etdirilməsi və əmlak vergisi hesabatının bəyannamə tərtibatı proqramında əks etdirilərək Dövlət Vergi Xidmətinə göndərilməsini özündə əks etdirən təlim keçirilmişdir. İnventarizasiya prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il tarixli Q-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və Öhdəliklərin inventarizasiyası” qaydaları ilə tənzimlənir.Bələdiyyənin daha geniş çevrələrdə tanıdılması və reklamının təşkil edilməsi üçün “Azərtac” Azərbaycan Dövlət İnformasiya Agentliyi və Belediyye.info internet xəbər portalı ilə əməkdaşlıq edilmişdir. Bələdiyyə problemlərinin işıqlandırılmasında mətbuat orqanları yaxından iştirak etmişdir.Şəhidlərin doğum və şəhid olduğu günlərdə Anım mərasimlərinin təşkil edilməsi ilahiyyatçı Elvin Həsənova həvalə olunmuşdur. Elvin Həsənovun təşkilatçılığı ilə indiyə qədər şəhid Elmir Süleymanlı, Vüsal İbişov, Həqiqət Musayev, Sahib Mütəllimov, Şahin Quliyev, Cəbrayıl Gərayev, Namik Talışov, Elçin Cərullayev, Elçin Şirvanov, Sərdar Hacıyevin anım mərasimləri keçirilmişdir. Kəndin giriş yolundakı şəhid informasiya panelləri yanında çinar ağacları əkilmiş, onların suvarılması təşkil edilmişdir. Gəgəli bələdiyyəsi "Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları" kitab-albomunun hazırlanmasında yaxından iştirak etmişdir. Kitab-albomu tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Şölə Bayramova və Vüqar Quliyev tərtib etmişdir. Ağsu rayonundan millət vəkili, "Vəhdət" partiyasının sədri Tahir Kərimli kitab-albomun hazırlanmasına məsləhətləri və maliyyə dəstəyi ilə yardım etmişdir. Kitab-albomun elmi redaktoru Prof.Dr. Qafar Cəbiyev, rəyçiləri Prof.Dr. Şikar Qasımov və Şəfa Mövsümovdür. Kitab-albom "Elm və Təhsil" nəşriyyatında çap olunmuşdur. İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyində "Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları" kitab-albomunun təqdimatı keçirilmişdir. Kitab-albomda Ağsu rayonunun 44 günlük Vətən müharibəsində şəhid olan Zəfər qəhrəmanlarının tərcümeyi-halları iki dildə (azərbaycan və ingilis dillərində) verilmişdir. Onların mülki və hərbi həyatlarına dair fotoları albomlaşdırılmışdır. “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 08 noyabr 2021 - 31 yanvar 2022-ci il tarixlərində keçirilmiş sərgi haqqında informasiya və albom da əlavə edilmişdir.Qanunvericiliyə uyğun olaraq ötən dövrlər üzrə borcu olan və ödənişlərə məhəl qoymayan ödəyicilərin vergi borclarının məcburi qaydada tutulması Ağsu şəhəri İcra və Probasiya şöbəsindən xahiş olunmuşdur. Bu addım sakinlər arasında zaman aşımı şaiyələrinin aradan qaldırılması və maarifləndirmə işlərinə dövlət qurumlarını da cəlb etmək üçün atılmışdır. Nəticədə torpaq vergisinin toplanmasında nisbətən irəliləyiş əldə edilmişdir.“Süsən Aqro MMC” tərəfindən kənd sakinlərindən alınmış icarə torpaqlarının arasındakı bələdiyyə mülkiyyətində olan yol və arxların şumlanmasının qarşısının alınması üçün müvafiq qaydada müraciət olunmuş, torpaq müfəttişi ilə ərazidə olmuş, problem yerindəcə təsbit edilmişdir. Bununla yanaşı, örüş torpaqlarının əkilməsinin qarşısının alınması üçün xəbərdarlıq edilmişdir. Daxili Komissiya torpaq xəritə, müqavilə, rəy və çıxarışlarını analiz etdikdən və yerindəcə müşahidə apardıqdan sonra hesabat hazırlamış, hesabatı İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və Ağsu rayonu İcra hakimiyyətinə məktub və müşaiyyətedici sənədlərlə göndərmişdir. Komissiya müəyyən etmişdir ki, Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən şübhə yaradan və düzgün istifadədən yayındıran sənədlər tərtib olunmuşdur. Belə ki, icarə müqaviləsi örüş torpaqları üçün bağlanılmış Bələdiyyə Ehtiyat Fondu torpaqları üçün əkin torpağı olması haqqında və ya birbaşa təyinatını (uqodiyası) göstərmədən kənd təsərrüfatı təyinatlı torpaq kimi çıxarışlar, plan və ölçü verilmişdir. Halbuki əvvəlki sənədlərdə torpağın uqodiyası və istifadə sahəsi (heyvandarlıq və ya əkinçilik) aydın göstərilmişdir. Qeyd olunmalıdır ki, çıxarışların, plan və ölçülərin nüsxələri nə Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən, nə də icarəçi tərəfindən bələdiyyəyə verilməmiş, Bələdiyyə rəhbərliyinin müvafiq məktublarından sonra bəzilərinin surətləri (bəzi hallarda təhrif olunmuş) təqdim olunmuşdur. Nədənsə, mülkiyyət bələdiyyənin olduğu halda mülkiyyətçinin hüquqlarının pozulması məsələsi ilə əlaqələndirilmişdir. Elektron kadastr uçotu hazır olmasına və bələdiyyənin çoxsaylı müraciətlərinə baxmayaraq bələdiyyəyə hələ də təqdim edilməmişdir. 2018-ci il sərhəd bölgüsü xəritəsində torpağın təyinatı ilə bağlı hər hansı göstərici yer almamışdır. Əvvəldən bələdiyyədə olan və digər qurumlardan əldə etdiyimiz yeni xəritələr hesabatda istifadə edilmişdir. Müəyyən edilmişdir ki, sənədlər və tövsiflər müvafiq qanunvericiliyə əsaslanmamış, 2020-ci ildə icarə müqaviləsi yenilənərkən torpağın uqodiyası ilə bağlı yanlışlıqlara yol verilmişdir.Yaz aylarında "Təhməzli su anbarı" və “Daşdəmirli su anbarı”nda təmir-bərpa işlərinin görülmüşdür. Bu iş “Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd” MMC-yə həvalə olunmuş, su anbarları bərpa edilmiş, su ilə doldurulmuşdur. Gəgəli bələdiyyəsi İKOMOS-un başlatdığı “İrs və İqlim” çağırışlarına qoşulmuş və bələdiyyənin bu sahədə müvafiq maarifləndirici tədbirlər görməsi təşkil edilmişdir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsində Ağsu rayonu Gəgəli bələdiyyəsi ərazisində Cavanşir su anbarının cənubunda yerləşən on bir hektar torpaq sahəsi üzrə çıxarışı və texniki pasportu hazırlanmış, bələdiyyəyə təhvil verilmişdir. Yaxın vaxtlarda həmin torpaq hərraca çıxarılacaqdır.Gəgəli bələdiyyəsinin müəssisələrindən Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC kənddə məişət tulllantılarının daşınması, çeşidlənməsi və utilizasiyası işini davam etdirmişdir. İndiyə qədər maliyyə problemlərinin olmasına baxmayaraq Təmiz kənd MMC təmizlik işlərini axsatmamış, hər həftənin cümə axşamı günləri kənddən məişət tullantılarının daşınması təşkil edilmişdir. Təmiz kənd MMC ona istifadə üçün verilmiş torpağın istifadəsini təşkil etmiş, torpaq istifadə haqqını 100 manat olmaqla ödəmiş və müəssisənin maliyyə imkanlarını nisbətən yaxşılaşdırmışdır. Təmiz kənd MMC turizm sahəsində fəaliyyət göstərmək üçün vergi orqanına müraciət etmiş, Ağdamda keçirilən beynəlxalq konfransın təşkilində yaxından iştirak etmişdir. Məişət tullantılarının daşınmasına görə kənd sakinlərindən ödənişlərin qəbul edilməsində problemlər yaşanmaqdadır. Bələdiyyə işin davam etdirilməsində maraqlı olub, gələcəkdə də müəssisəyə dəstək göstərəcəkdir.Ağsu rayonu Gəgəli bələdiyyəsi Zəfər parkı MMC 2021-ci ili mənfəətlə başa vursa da direktorun Bakı şəhərində yaşaması ilə əlaqədar idarəetmədə problemlər yaşanmışdır. Zəfər parkı MMC də verilən torpağın istifadəsini təşkil etmiş, torpaq istifadə haqqını 100 manat olmaqla ödəmiş və müəssisənin maliyyə imkanlarını nisbətən yaxşılaşdırmışdır. Zəfər parkı MMC kəndin, xüsusilə qəbristanlığın abadlaşdırılmasında yaxından iştirak etmişdir.Ağsu rayonu Gəgəli bələdiyyəsi Yerli media MMC bələdiyyənin fəaliyyətini işıqlandırmaqla yanaşı, Gəgəli TV-də “Yapon əsirin su qabının Gəgəli kəndinə gəlib çıxması hekayəsi” və “ll Dünya müharibəsinin qəhrəmanı Ağarəhim Nəbiyev” sənədli qısa filmlərini hazırlamışdır. Yerli Media MMC Ağdamda keçirilən “Beşinci Həmzə Nigari Simpoziumu”nun foto və video çəkilişlərini də həyata keçirmiş, yutubda yerləşdirilməsi üçün montaj işlərini görmüşdür. Gəgəli bələdiyyəsi öz işini şəffaf şəkildə qurur. Öz fəaliyyəti, o cümlədən maliyyə gəlir və xərcləri haqqında hesabat verir, hesabat yığıncaqları keçirir. Gəgəli bələdiyyəsinin Feysbuk səhifəsi və Feysbuk qrupu, Gəgəli TV Yutub kanalı, gegeli.az internet səhifələrində bu hesabatlar yerləşdirilir. Nəinki kənd sakinlərinin, o cümlədən bütün Azərbaycan xalqının əlinin çatması imkanı yaradılır.