Yerli özünüidarəetmə orqanları tərəfindən müharibə iştirakçılarına və şəhid ailələrinə diqqət və qayğı göstərilir

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın şücaəti xalqımız tərəfindən daim yüksək qiymətləndirilir, şəhidlərimizin xatirəsi uca tutularaq dərin ehtiramla yad edilir.

Eyni zamanda müharibə iştirakçılarının və şəhid ailələrinin qayğıları dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmaqla onların sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər görülür. Həmin şəxslərin qayğılarına həssas münasibət hər bir kəsin vətəndaşlıq borcudur.

Yerli özünüidarəetmə orqanları tərəfindən də şəhid ailələrinin və müharibə iştirakçılarının müraciətlərinə hər zaman diqqətlə yanaşılması, problemlərinin həlli, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülür, bu sahədə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrlə mütəmadi metodoloji iş aparılır, onlara tövsiyələr göndərilir.

Eyni zamanda şəhid ailələrinin və müharibə iştirakçılarının yerli özünüidarəetmə fəaliyyəti barədə (əsasən torpaq tələbi) müraciətləri nazirlik tərəfindən xüsusilə nəzarətdə saxlanılaraq həlli ilə bağlı zəruri tədbirlər görülür. Vətən müharibəsindən sonrakı dövrdə 200-dək belə müraciətin təmin olunası müharibə iştirakçıları və şəhid ailələri tərəfindən minnətdarlıqla qarşılanıb.

Həmçinin bu dövrdə bələdiyyələr tərəfindən 500-ə yaxın şəhid ailəsi və müharibə iştirakçısına ümumilikdə 250 hektaradək torpaq sahəsi ayrılaraq mülkiyyətinə və icarəsinə verilib.

Bu tədbirlər çərçivəsində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilərək bələdiyyələr tərəfindən 329 şəhidin qəbirüstü abidəsi, 300-ə yaxın şəhidin xatirə lövhəsi tikilib, 135 abidə kompleksi və 157 bulaq istifadəyə verilib. Şəhidlərimizin anım mərasimi ilə bağlı 400-dək tədbir təşkil olunub, habelə şəhid ailələrinə və müharibə iştirakçılarına maddi yardımlar göstərilib, yaşadıqları evlərin və küçələrin təmiri və s. qayğılarının həlli üzrə davamlı tədbirlər görülüb.

Bu müddət ərzində qeyd olunan tədbirlərin həyata keçirilməsinə bələdiyyə büdcəsindən ümumilikdə 2,7 milyon manatdan çox vəsait xərclənib.

Bələdiyyələr tərəfindən müharibə iştirakçılarının və şəhid ailələrinin qayğıları diqqətdə saxlanılaraq müvafiq tədbirlər davam etdirilir.

 

https://justice.gov.az/news/3401