2022-ci ildə cəmi 25 iclas keçirilmiş, 144 məsələyə dair qərar qəbul edilmişdir. Gəgəli Bələdiyyəsinin ilk iclaslarında bələdiyyə sədrinin 2021-ci il üzrə hesabat məruzəsi dinlənilmiş və qəbul edilmişdir. Gəgəli bələdiyyəsinin 2022-ci il üçün ştat cədvəli 4 ştat vahidi və illik əmək haqqı fondu 22000 manat olmaqla təsdiq edilmişdir.
İlin əvvəlində Sarılı yeni körpüsündə dəmir-beton işləri davam etdirilmiş, fiziki şəxs Natiq Osmanlıya və tikinti işləri üçün lazımi mal-materialın alınmasını, yerində təhvil verilməsini həyata keçirən fiziki şəxs Aqil Süleymanova ödənişlər edilmişdir. Körpünün daban yeri, istinad divarı və selqıranları inşa olunmuş, istinad divarının torpaqla təmas edən yerlərinə çınqıl və çaydaşı gətirilərək tökülmüşdür. Büdcə imkan verdiyi halda 2023-cü ilin birinci yarısında körpünün tikinti işlərinin başa çatdırılması planlaşdırılır.
Gəgəli kəndinin Ömər Lahıci arxının hər iki tərəfindəki küçələrinin kəndarası yollarına il ərzində cəmi 719 kub metr həcmində çınqıl daşınmış, yolların böyük bir hissəsi daşla döşənmişdir. Habelə qreyder texnikası vasitəsilə altı kilometr hamarlama işi təşkil edilmişdir. Cari ildə yolların çınqılla döşənməsi işi davam etdiriləcəkdir.
Maddi yardımlar il boyu davam etdirilmişdir:
- Gəgəli kənd sakinləri Sədiyev Sədrəddin Səfiyəddin oğlu və Sədiyeva Kəmalə Məhəmməd qızına məxsus yaşayış evlərində yanğın dağıntıları bələdiyyə tərəfindən aradan qaldırılmış, evin qalıqları sökülmüş, söküntü həyətdən uzaqlaşdırılmışdır.
- Gəgəli kənd sakini Mütəllimov Nazif Şakir oğlunun övladı Rəvan Mütəllimovun baş beynində törəmə aşkar olunması ilə əlaqədar əməliyyat xərclərinə dəstək göstərilmişdir.
- Gəgəli kənd sakini Mədətov Faiq Pəsərək oğlunun bədxassəsli IV dərəcəli qaraciyər şişi xəstəliyi ilə əlaqədar əməliyyat xərclərinə dəstək məqsədilə oğlu Mədətov Şaiq Faiq oğluna maddi yardım göstərilmişdir. Yardım göstərilsə də Faiq Mədətov həmin xəstəlikdən vəfat etmişdir.
- Qurban bayramında şəhid ailələri və qazilərə bələdiyyə adından qurbanlıq payların verilməsi ilə əlaqədar kənddə dini ayinləri icra edən, şəhid anım mərasimlərini təşkil edən, ilahiyyatçı Elvin Həsənova maddi yardım ayrılmışdır.
- Bələdiyyə üzvü Qürbət Kərimovun azyaşlı nəvəsi Emil Kərimovun karate (taekvando) idman növü üzrə Respublika yarışlarına hazırlaşması və iştirak etməsinə görə maddi yardım göstərilmişdir.
- Gəgəli kənd sakini Şamıyeva Müxlisə Qədir qızına məxsus yaşayış evində çatışmazlıqların aradan qaldırılması üçün həmin ailəyə maddi yardım göstərilmişdir.
Şəhidlərin doğum və şəhid olduğu günlərdə Anım mərasimlərinin təşkil edilməsi ilahiyyatçı Elvin Həsənova həvalə olunmuşdur. Elvin Həsənovun təşkilatçılığı ilə şəhidlərin anım mərasimləri keçirilmişdir. Qarabağ qazisi Mürşüdov Cahangir Paşa oğlunun təşəbbüsü ilə kəndin giriş yolundakı şəhid informasiya panelləri yanında çinar ağacları əkilmiş, onların suvarılması təşkil edilmişdir. Gəgəli bələdiyyəsi "Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları" kitab-albomunun hazırlanmasında yaxından iştirak etmişdir. Kitab-albomu tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Şölə Bayramova və Vüqar Quliyev tərtib etmişdir. Ağsu rayonundan millət vəkili, "Vəhdət" partiyasının sədri Tahir Kərimli kitab-albomun hazırlanmasına məsləhətləri və maliyyə dəstəyi ilə yardım etmişdir. Kitab-albomun elmi redaktoru Prof.Dr. Qafar Cəbiyev, rəyçiləri Prof.Dr. Şikar Qasımov və Şəfa Mövsümovdür. Kitab-albom "Elm və Təhsil" nəşriyyatında çap olunmuşdur. İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyində və noyabrın 6-da “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda "Ağsu Şəhidləri. Zəfər Qəhrəmanları" kitab-albomunun təqdimatı keçirilmişdir. Kitab-albomda Ağsu rayonunun 44 günlük Vətən müharibəsində şəhid olan Zəfər qəhrəmanlarının tərcümeyi-halları iki dildə (azərbaycan və ingilis dillərində) verilmişdir. Onların mülki və hərbi həyatlarına dair fotoları albomlaşdırılmışdır. “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 08 noyabr 2021 - 31 yanvar 2022-ci il tarixlərində keçirilmiş sərgi haqqında informasiya və albom da əlavə edilmişdir.
Qarabağın dirçəldilməsi ilə bağlı bütün növ fəaliyyətlərdə bələdiyyə üzvləri və kənd sakinlərinin fəallıq göstərməsinin təşviq edilməsi və maarifləndirmə işlərinin aparılması qərarlaşdırılmışdır. Bələdiyyə üzvlərinin Şuşa, Qarabağın azad olunan digər bölgələri və İrəvanla bağlı elmi konfrans, seminar, sərgi, araşdırma və müxtəlif tədbirlərdə iştirakına şərait yaradılması planlaşdırılmışdır. Bundan başqa, Qarabağ Dirçəliş Fonduna iyul ayından etibarən hər ay bələdiyyə büdcəsindən 10 manat maddi yardım ayrılmasına başlanmışdır.
Müvafiq qanunvericiliyə uyğun olaraq Gəgəli bələdiyyəsinin əmlakı üzrə inventarizasiya keçirilmişdir. Bələdiyyə əmlakının uçotu indiyə qədər yaradılmadığı üçün iş çətin şəraitdə görülmüş, 64 adda inventar üçün iki cür akt tərtib edilərək bütün daşınar və daşınmaz əmlak inventarizasiya olunmuşdur. Aktlarda inventarın adı, ölçüsü, təyinatı, yerləşdiyi yer, mənbəyi, vəziyyəti və s. göstərilmişdir. Aktlara dair hesabat hazırlanmışdır. İnventarizasiya işi bitirildikdən sonra aktivlərin uçotunun qurulması işi həyata keçirilmişdir. İnventarizasiya və uçot işlərinin peşəkar səviyyədə aparılmasını İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi təşkil etmişdir. Uçotda olmayan inventarların mühasibat uçotu subyektinin balansına daxil edilməsi üzrə iş də görülmüşdür. Qiyməti olan və qiyməti olmayan aktivlərin siyahısı hazırlanmışdır. Həmin siyahı nəzərə alınmaqla ekspertlər tərəfindən müvafiq olaraq iltizamnamə sənədləri, inventarların qalıqları haqqında arayış, sintetik uçot, aktivlərin uçotu kitabları, əmlakın uçot kartları hazırlanmış və bələdiyyə sədrinə yerində təhvil verilmişdir. Ekspert Ziya Məmmədov tərəfindən bələdiyyə əməkdaşlarına bələdiyyənin balansında olan inventarların illik olaraq amortizasiyasının hesablanması, mənfəət vergisi hesabatında əks etdirilməsi və əmlak vergisi hesabatının bəyannamə tərtibatı proqramında əks etdirilərək Dövlət Vergi Xidmətinə göndərilməsini özündə əks etdirən təlim keçilmişdir. İnventarizasiya prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il tarixli Q-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və Öhdəliklərin inventarizasiyası” qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tövsiyələrini nəzərə alaraq və müvafiq qanunlara əsaslanaraq icarə haqqı, vergi və ödənişlərin toplanılmasına nəzarət gücləndirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq yerli vergi və ödənişlərin, icarə haqqlarının bələdiyyə büdcəsinə cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görülmüş və pul tələblərinin ödənilməsi ilə bağlı icrası məcburi olan inzibati aktlar qəbul edilərək müvafiq İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcarə haqqını ödəməyən icarədarlara icarə haqlarının ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, nəticəsindən asılı olaraq müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Ötən dövrlər üzrə borcu olan və məktublara məhəl qoymayan “Süsən Aqro” MMC, İlqar Hüseynov, Azat Bağırov, Habil Mütəllimov, Zakir Mürsəliyevin icarə haqqı borclarının məcburi qaydada tutulması Ağsu şəhəri İcra və Probasiya şöbəsindən xahiş olunmuşdur. Bu tədbirlər öz müsbət təsirini göstərmişdir.
Ümumi istifadədə olan və kənd sakini Əbil İsayev tərəfindən zəbt olunan bələdiyyə mülkiyyətinə aid yolun açılması və bələdiyyəyə təhvil verilməsi üzrə Ağsu rayon Məhkəməsində iddia qaldırılmışdır. Proses davam edir. Gəgəli bələdiyyəsi torpaqlarının icarəçisi İlqar Hüseynovun müqavilə öhdəliklərini yerinə yetirmədiyi və sənədlərində uyğunsuzluq olduğu üçün 73 hektar örüş torpağı və 380 hektar örüş torpağı üzrə icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı Ağsu Rayon Məhkəməsində iddia qaldırılmışdır. Proses davam edir.
“Süsən Aqro” MMC tərəfindən kənd sakinlərindən alınmış torpaqların arasındakı bələdiyyə mülkiyyətində olan yol və arxların şumlanmasının qarşısının alınması üçün müvafiq qaydada müraciət olunmuş, torpaq müfəttişi ilə ərazidə olmuş, problem yerindəcə təsbit edilmişdir. Bununla yanaşı, örüş torpaqlarının əkilməsinin qarşısının alınması üçün xəbərdarlıq edilmişdir.
Daxili Komissiya torpaq xəritə, müqavilə, rəy və çıxarışlarını analiz etdikdən və yerindəcə müşahidə apardıqdan sonra hesabat hazırlamış, hesabatı İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və Ağsu rayonu İcra hakimiyyətinə məktub və müşaiyyətedici sənədlərlə göndərmişdir. Komissiya müəyyən etmişdir ki, Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən şübhə yaradan və düzgün istifadədən yayındıran sənədlər tərtib olunmuşdur. Belə ki, icarə müqaviləsi örüş torpaqları üçün bağlanılmış Bələdiyyə Ehtiyat Fondu torpaqları üçün əkin torpağı olması haqqında və ya birbaşa təyinatını (uqodiyası) göstərmədən kənd təsərrüfatı təyinatlı torpaq kimi çıxarışlar, plan və ölçü verilmişdir. Halbuki əvvəlki sənədlərdə torpağın uqodiyası və istifadə sahəsi (heyvandarlıq və ya əkinçilik) aydın göstərilmişdir. Qeyd olunmalıdır ki, çıxarışların, plan və ölçülərin nüsxələri nə Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən, nə də icarəçi tərəfindən bələdiyyəyə verilməmiş, Bələdiyyə rəhbərliyinin müvafiq məktublarından sonra bəzilərinin surətləri (bəzi hallarda təhrif olunmuş) təqdim olunmuşdur. Nədənsə, mülkiyyət bələdiyyənin olduğu halda mülkiyyətçinin hüquqlarının pozulması məsələsi ilə əlaqələndirilmişdir. Elektron kadastr uçotu hazır olmasına və bələdiyyənin çoxsaylı müraciətlərinə baxmayaraq bələdiyyəyə hələ də təqdim edilməmişdir. 2018-ci il sərhəd bölgüsü xəritəsində torpağın təyinatı ilə bağlı hər hansı göstərici yer almamışdır. Əvvəldən bələdiyyədə olan və digər qurumlardan əldə etdiyimiz yeni xəritələr hesabatda istifadə edilmişdir. Müəyyən edilmişdir ki, sənədlər və tövsiflər müvafiq qanunvericiliyə əsaslanmamış, 2020-ci ildə icarə müqaviləsi yenilənərkən torpağın uqodiyası ilə bağlı yanlışlıqlara yol verilmişdir.
Ötən ildə "Təhməzli su anbarı" və “Birinci məhəllə su nohuru”nda təmir-bərpa işləri görülmüşdür. Bu iş “Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd” MMC-yə həvalə olunmuş, su anbarları bərpa edilmiş, su ilə doldurulmuşdur. Gəgəli bələdiyyəsi İKOMOS-un başlatdığı “İrs və İqlim” çağırışlarına qoşulmuş və bələdiyyənin bu sahədə müvafiq maarifləndirici tədbirlər görməsi təşkil edilmişdir. XIX əsr Şıxəlibəyli arxının əhəmiyyəti və tarixiliyi nəzərə alınaraq qorunması və ümumi istifadə edilməsi məqsədilə Gəgəli bələdiyyəsi inventarına götürülmüş, arxın təmiri ilə bağlı işlər görülmüşdür.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsində Ağsu rayonu Gəgəli bələdiyyəsi ərazisində Cavanşir su anbarının cənubunda yerləşən on bir hektar torpaq sahəsi üzrə çıxarışı və texniki pasportu hazırlanmış, bələdiyyəyə təhvil verilmişdir. “Hərracların təşkili Mərkəzi” publik hüquqi şəxsinin Şamaxı ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 24 noyabr 2022-ci il tarixdə Ağsu rayonu Gəgəli bələdiyyəsi ərazisində Cavanşir su anbarının cənub tərəfində Bələdiyyə Ehtiyat Fondu torpaqlarına aid on bir hektar əkin torpaq sahəsinin icarə məqsədilə keçirdiyi torpaq hərracının qalibi Ağsu rayonu Qaraqaşlı kənd sakini Ağadur Abdullayev ilə torpaq icarəsi müqaviləsi bağlanılmışdır. İcarə haqqı bir hektar üçün 72 manat müəyyən olunmuşdur. Ağsu rayonu Gəgəli bələdiyyəsi ərazisində hərraca çıxarılması nəzərdə tutulan Cavanşir su anbarının yaxınlığındakı, Ömər Lahıci və Qazan arxı arasındakı üç hektar əlli sot və yeddi hektar, Ömər Lahıci arxı üzərindəki iki hektar, üç hektar və bir hektar, Gəgəli kəndinin Giriş darvazasının yanındakı bir hektar, iki hektar, Qışlaq sahəsindəki otuz hektar və üç hektar torpaq sahələrinin yerləşmə mövqeyinin təyin edilməsi və müayinə aktının hazırlanması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edilmiş, yerindəcə ölçülər götürülmüşdür. İş davam edir.
Bələdiyyə ərazisində yanğın təhlükəsizliyi ilə bağlı kənd sakinləri arasında vaxtaşırı maarifləndirmə işləri aparılmış, mühafizə tədbirləri davam etdirilmişdir. Yanğına qarşı bələdiyyə ərazisində taxıl sahələri, yol kənarları, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağı və digər aidiyyatı yerlərdə mühafizə məqsədilə bələdiyyə hesabına şum işləri görülmüşdür.
Gəgəli kəndi ərazisində bələdiyyə mülkiyyətində olan payçılararası yolların yerli sakinlərə tanıdılması məqsədilə Daxili Komissiya formalaşdırılmışdır. Daxili Komissiya yerindəcə fəaliyyət göstərmiş, xəritə üzərində bütün zəbt olunmuş yolları müəyyən etmiş və onların açılmasını təmin etmişdir. Yolların hər iki tərəfinə arxlar çəkilmişdir.
Gəgəli bələdiyyəsinin müəssisələrindən Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC kənddə məişət tulllantılarının daşınması, çeşidlənməsi və utilizasiyası işini davam etdirmişdir. İndiyə qədər maliyyə problemlərinin olmasına baxmayaraq Təmiz kənd MMC təmizlik işlərini axsatmamış, hər həftənin cümə axşamı günləri kənddən məişət tullantılarının daşınması təşkil edilmişdir. Təmiz kənd MMC ona istifadə üçün verilmiş torpağın istifadəsini təşkil etmiş, torpaq istifadə haqqını 100 manat olmaqla ödəmiş və müəssisənin maliyyə imkanlarını nisbətən yaxşılaşdırmışdır. Təmiz kənd MMC turizm sahəsində fəaliyyət göstərmək üçün vergi orqanına müraciət etmiş, Ağdamda və Şuşada keçirilən beynəlxalq konfransın təşkilində yaxından iştirak etmişdir. Məişət tullantılarının daşınmasına görə kənd sakinlərindən ödənişlərin qəbul edilməsində problemlər yaşanmaqdadır. İl ərzində Ağsu rayonu Gəgəli Bələdiyyəsi Təmiz Kənd MMC-nin hazırladığı utilizasiya kürəsi və Xidmət mərkəzinin ofis binası bələdiyyənin inventarına qəbul edilmişdir.
Dekabr ayında Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin direktoru Həsənov Həzi Babaxan oğlunun ərizəsi qəbul edilmiş, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Direktor vəzifəsinə Dövlət Məşğulluq Agentliyindən göndərişlə gələn Ağsu rayonu Ülgüc kənd sakini Mədətov Məqatil Əzməmməd oğlu Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru təyin edilmişdir. Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin abonentlərinin xidmət haqqı ödənişləri Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində “Stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərə görə ödəniş” bölməsində “Məişət tullantıları” altbölməsində qeydiyyata alınması qərarlaşdırılmışdır. Habelə Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin tullantıların çeşidlənməsi və satışından gələn gəliri Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində “Stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərə görə ödəniş” bölməsində “Məişət tullantıları” altbölməsində qeydiyyata alınması planlaşdırılmışdır.
Ağsu rayonu Gəgəli bələdiyyəsi Zəfər parkı MMC 2021-ci ili mənfəətlə başa vursa da direktorun Bakı şəhərində yaşaması ilə əlaqədar idarəetmədə problemlər yaşanmışdır. Zəfər parkı MMC də verilən torpağın istifadəsini təşkil etmiş, torpaq istifadə haqqını 100 manat olmaqla ödəmiş və müəssisənin maliyyə imkanlarını nisbətən yaxşılaşdırmışdır. Zəfər parkı MMC kəndin, xüsusilə qəbristanlığın abadlaşdırılmasında yaxından iştirak etmişdir.
Ağsu rayonu Gəgəli bələdiyyəsi Yerli media MMC bələdiyyənin fəaliyyətini işıqlandırmaqla yanaşı, Gəgəli TV-də “Yapon əsirin su qabının Gəgəli kəndinə gəlib çıxması hekayəsi” və “ll Dünya müharibəsinin qəhrəmanı Ağarəhim Nəbiyev” sənədli qısa filmlərini hazırlamışdır. Yerli Media MMC Ağdamda keçirilən “Beşinci Həmzə Nigari Simpoziumu”nun və Şuşa şəhərində keçirilən “Dördüncü Şuşa Simpoziumu”nun foto-video çəkilişlərini də həyata keçirmiş, yutubda yerləşdirilməsi üçün montaj işlərini görmüşdür.
Prof.Dr. Vüqar Mikayılov Gəgəli bələdiyyəsinə günəş panelli projektorlar hədiyyə etmişdir. Projektorlar Zeyvə nənə qəbristanlığının giriş qapısında və oradakı yeni salınmış Şəhid abidəsinin yanında montaj olunmuşdur.
Bələdiyyə əmlakı olan iki ədəd “Məlumat lövhəsi” şərti adı ilə inventarlaşdırılan dəmir lövhələrin yeri dəyişdirilmişdir. Birinci “Məlumat lövhəsi” Zeyvə nənə qəbristanlığının giriş hissəsində, ikinci “Məlumat lövhəsi” isə kəndin Mərkəz dayanacağının yanında elanların asılması üçün montaj edilmişdir.
Gəgəli bələdiyyəsi öz işini şəffaf şəkildə qurur. Öz fəaliyyəti, o cümlədən maliyyə gəlir və xərcləri haqqında hesabat verir, hesabat yığıncaqları keçirir. Gəgəli bələdiyyəsinin Feysbuk səhifəsi və Feysbuk qrupu, Gəgəli TV Yutub kanalı, gegeli.az internet səhifələrində bu hesabatlar yerləşdirilir. Nəinki kənd sakinlərinin, o cümlədən bütün Azərbaycan xalqının əlinin çatması imkanı yaradılır.
Bələdiyyənin daha geniş çevrələrdə tanıdılması və reklamının təşkil edilməsi üçün “Azərtac” Azərbaycan Dövlət İnformasiya Agentliyi və Belediyye.info internet xəbər portalı ilə əməkdaşlıq edilmişdir. Bələdiyyə problemlərinin işıqlandırılmasında mətbuat orqanları yaxından iştirak etmişdir.
Bələdiyyə ofisinin texniki baxımdan gücləndirilməsi üçün əvvəlcə Canon EOS 250D fotoaparatı, onun üçün mikrokart, üçayaq və mikrofon, daha sonra isə Lenovo V15 G2 ALC komputeri alınmışdır.
Bələdiyyənin 2021-ci il üzrə fəaliyyəti barədə audit rəyinin alınması xidmətini müstəqil audit şirkəti olan “Şəfəq Audit Konsaltinq” MMC həyata keçirmişdir.
Noyabr ayında bələdiyyə üzvləri Murad Dəmirli və Baxış Əlişahlının Gəgəli bələdiyyəsinə bələdiyyə üzvlüyünə xitam verilməsi ilə əlaqədar təqdim etdiyi ərizəsi qəbul edilmiş və onların bələdiyyə üzvlüyünə xitam verilmişdir.
Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 14-18 noyabr 2022-ci il tarixlərində Qazaxıstan Respublikasına, 05-11 dekabr 2022-ci il tarixlərində Almaniya Federativ Respublikasına öz hesabına ezam olunmuş, beynəlxalq tədbirlərdə iştirak etmişdir.