2023-cü ilin birinci yarısında cəmi 14 iclas keçirilmiş, 84 məsələyə dair qərar qəbul edilmişdir. Gəgəli Bələdiyyəsinin ilk iclaslarında bələdiyyə sədrinin 2022-ci il üzrə hesabat məruzəsi dinlənilmiş və qəbul edilmişdir. Gəgəli bələdiyyəsinin 2023-cü il üçün iclas günləri müəyyən edilmiş və bələdiyyə üzvlərinə göndərilmişdir. Gəgəli bələdiyyəsinin 2023-cü il üçün ştat cədvəli 3 ştat vahidi və illik əmək haqqı fondu 18000 manat olmaqla təsdiq edilmişdir. Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz Kənd MMC-nin 2023-cü il üzrə ştat cədvəli, birdəfəlik xərclər cədvəli və aylıq xərclər cədvəli təsdiq olunmuşdur. Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz Kənd MMC-nin direktoru yanvar ayında Məqatil Mədətov, fevral ayından isə Kamil Kərimov təyin edilmişdir.
İlin əvvəlində Sarılı yeni körpüsündə dəmir-beton işləri davam etdirilmiş, fiziki şəxs Niyazi Quliyevə və tikinti işləri üçün lazımi mal-materialın alınmasını, yerində təhvil verilməsini həyata keçirən fiziki şəxs Ceyhun Məmmədova ödənişlər edilmişdir. Körpünün rigel və üst tavasının qəliblərinin quraşdırılması işləri görülmüşdür. 02 may 2023-cü il tarixində kənddə baş verən sel fəlakəti işi ləngitmişdir.
Ağsu rayonu Gəgəli bələdiyyəsinin Gəgəli kəndində həyata keçirəcəyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planının həyata keçirilməsi üçün işçi komissiya yaradılmışdır: komisiyyanın sədri – sədr müavini Xəyyam İbadzadə; komissiyanın üzvləri – Səbuhi Mütəllimov, Yusif Hacıyev, Ülvi İsmayılzadə, Məqatil Mədətov, Sabit Abdullayev.
Xəyyam İntiqam oğlu İbadzadənin başqa işə keçməsi ilə əlaqədar bələdiyyə sədrinin müavini vəzifəsindən ayrılmasına dair ərizəsi qəbul edilmişdir. Xəyyam İbadzadə ilə bağlanılmış əmək müqaviləsinə 26 yanvar 2023-cü ildən olmaqla xitam verilmişdir. Yusif Eldar oğlu Hacıyev bələdiyyə sədrinin müavini seçilmişdir. Yusif Hacıyev əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən – ictimai əsaslarla bələdiyyə üzvü kimi öz sədr müavinliyi səlahiyyətini həyata keçirməyə başlamışdır. Bələdiyyənin iqtisadi imkanlarını və büdcə fondunu artırmaq üçün aparıcı iqtisadçı vəzifəsi təsis edilmişdir. Qəhrəmanlı Qafqaz Elman oğlu bələdiyyənin aparıcı iqtisadçısı vəzifəsinə təyin olunmuş, onunla əmək müqaviləsi bağlanılmışdır.
Gəgəli bələdiyyəsində şəhid ailələri və qazilərə məişət tullantıları xidmət haqqı güzəşt edilmişdir. İndiyə qədər Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-yə olan məişət tullantıları xidmət haqqı borcu sıfırlanmışdır.
Ağsu rayonu Gəgəli bələdiyyəsi Qışlaq ərazisində və Cavanşir su anbarı yaxınlığında hərraca çıxarılması nəzərdə tutulan on dörd hektar, on iki hektar, doqquz hektar, on bir hektar, on səkkiz hektar, bir yüz yetmiş səkkiz hektar, iyirmi beş hektar, beş hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yerləşmə mövqeyinin təyin edilməsi və müayinə aktının hazırlanması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir.
Gəgəli kənd sakini, idman üzrə mütəxəssis Şikarov Elman Sadulla oğlu hazırda istifadəsində olan və şəhidlərimizdən birinin adını əbədiləşdirmək istədiyi İdman oyunları binasını sənədləşdirmək məqsədilə bələdiyyəyə müraciət edib. Onun kəndin mərkəzində olan həmin tikilisi 400 kv.m. bələdiyyə torpağını əhatə edir. Torpağın sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə torpaq sahəsinin yerləşmə mövqeyinin təyin edilməsi və müayinə aktının hazırlanması üçün müraciət edilmişdir.
Gəgəli kəndinin Ömər Lahıci arxının hər iki tərəfindəki küçələrinin kəndarası yollarının, cəmi altı km olmaqla qreyder texnikası ilə hamarlanması həyata keçirilmişdir. Məlum olduğu kimi büdcəyə uyğun olaraq mərhələli şəkildə Gəgəli kəndində kəndarası yollar təmir edilir. Əsas yollar 2020-ci ildə çınqılla döşənsə də kəndarası yollar təmir edilməmişdir. Bələdiyyəmizə çoxsaylı müraciətləri nəzərə alaraq kəndarası yolların hamarlanması və çınqılla döşənməsi işləri davam etdirilir. Bu işin görülməsi vergi ödəyicilərini mötivə eləmiş, öz vergi borclarını vaxtında ödəməyə həvəsləndirmişdir. Yanvar-mart aylarında on küçədə (Molla İsa, Şahin Quliyev, Həqiqət Musayev, Xançoban, Rəsul Rza, Nərgizava, Şirvanşah Xəlilullah, Elmir Süleymanlı, Ömər Lahıci, Elmlər küçələri) təmir işləri aparılmışdır.
Kənd sakinlərinə maddi yardımlar il boyu davam etdirilmişdir:
- Gəgəli kənd sakini Əzizov Elçin Firdun oğlunda sümük iliyi törəməsi aşkar olunması ilə əlaqədar əməliyyat xərclərinə dəstək məqsədilə maddi yardım göstərilmişdir;
- Gəgəli kənd sakini Cəbrayılov Rasim Cabbar oğlunda qida borusunun karsinoması xəstəliyinin aşkar olunması ilə əlaqədar müalicə xərclərinə dəstək məqsədilə maddi yardım göstərilmişdir;
- Gəgəli kənd sakini Vəliyev Gündüz Yarməmməd oğlunun aşağı ətraf venalarının varikoz genəlməsi xəstəliyi ilə əlaqədar müalicə xərclərinə dəstək məqsədilə maddi yardım göstərilmişdir;
- Gəgəli kənd sakini Sədiyeva Kamalə Məhəmməd qızına məxsus yanğından zərərçəkən yaşayış evinin inşaat materiallarının alınması üçün həmin ailəyə maddi yardım göstərilmişdir;
- Gəgəli kənd sakini Sahabova Sünbül Qışlaq qızına məxsus yaşayış evində yaranmış çatışmazlıqların aradan qaldırılması üçün həmin ailəyə maddi yardım göstərilmişdir;
- Gəgəli kənd sakini Azərbaycan Dövlət Pedaqoji Univeristetinin Şamaxı filialında ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan Mirzəzadə Qızbəs Şükran qızının təhsil haqqına dəstək məqsədilə maddi yardım göstərilmişdir;
- Qurban bayramında şəhid ailələri və qazilərə bələdiyyə adından qurbanlıq payların verilməsi ilə əlaqədar şəhid Namik Talışovun qardaşı Şirzad Talışova maddi yardım göstərilmişdir.
2023-cü il fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Qardaş Türkiyə Cümhuriyyətinin üzləşdiyi bu fəlakətin aradan qaldırılması və və zərərçəkən türk qardaşlarımıza köməklik göstərilməsi biz azərbaycanlıların borcudur, Gəgəli icması bu məsələnin fərqindədir. Yerli təşəbbüsləri və humanist dəyərləri nəzərə alaraq Gəgəli bələdiyyəsi yardım kampaniyalarına qoşulmuşdur. Gəgəli bələdiyyəsi Kapital bankda dollar hesabı açmış, Türkiyə Cümhuriyyətinin dövlət təşkilatı olan AFAD (Afet ve Acil Durum Yönetimi Başkanlığı) təşkilatının bank hesabına Gəgəli icmasının bələdiyyəyə birdəfəlik ianələri nəzərə alınaraq maddi yardım köçürmüşdür. Gəgəli icmasından əşya yardımı da toplanılmış, Türkiyə Cümhuriyyəti səfirliyinin təşkil etdiyi “Qardaş köməyi” platformasına təhvil verilmişdir.
“Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 3-cü bəndinə görə bələdiyyə əmlakının yaranması mənbələrindən biri fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könülü maddi yardım şəklində verdikləri əmlakdır. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 2020-ci ilin əvvəlində Tərəkəmə Çərşənbəsi Folklor Festivalı keçirmək üçün sahəsi 600 kv.m. (20x30 metr) olan yeni bina inşa etmişdir. Həmin binanın inşasına mərhələli şəkildə 70000 (yetmiş min) manat həcmində vəsait sərf edilmişdir. 44 günlük Vətən müharibəsində həmin inşa olunan binanın ətrafında üç şəhid verildiyi üçün Fariz Xəlilli binanın festival üçün istifadə olunmasından imtina etmişdir. Əvvəlcə Zəfər muzeyi kimi tərtib etmək istənilsə də buna icazə verilməmişdir. Nəhayət kənd ağsaqqalları ilə məsləhətdən sonra Fariz Xəlilli kəndin Mərasim evi ehtiyacını nəzərə alaraq həmin binanı bələdiyyəyə bağışlamışdır. Binada zalla yanaşı ofis otaqları, mətbəx, sanitar qovşaqları vardır. İnventarın bələdiyyə mülkiyyətinə qəbulu barəsində akt tərtib olunmuş, bina mülkiyyətə qəbul edilmişdir.
Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə işinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibləri sırasında Ağsu rayonu Gəgəli bələdiyyəsinin adı var. Bələdiyyə ““Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi” mövzusunda layihə icra etməyə başlamışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 7-ci bəndinə görə dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun artmasına imkan yaradır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə görə bələdiyyə büdcəsi həm də fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları əsasında formalaşır. Bu mənada Gəgəli bələdiyyəsinə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən ayrılan qrant kəndin inkişafında mühüm mərhələ olacaqdır. Gəgəli bələdiyyəsi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında 10 may 2023-cü ildə 225/23/1720/A1 saylı qrant müqaviləsi imzalanmışdır. Müqavilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsində 25 may 2023-cü ildə qeydiyyata alınmış və bildiriş verilmişdir. Gəgəli bələdiyyəsi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında 10 may 2023-cü ildə imzalanmış 225/23/1720/A1 saylı qrant müqaviləsi Gəgəli bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihə rəhbərinin köməkçisi Turan Dəmirovdur. Layihə Ağsu rayonu Gəgəli kəndi ərazisində bütün mövsümlərdə tərəkəmə həyat tərzini bir yerdə yaşamaq, onu əyani olaraq təcrübə etmək imkanı verir. Kiçik bir tərəkəmə təsərrüfatı əsasında lokal tərəkəmə həyatını xatırladan bir neçə çadırdan ibarət öz tarixi adını təmsil edən - "Axtaçı" adlı obanın formalaşdırılması nəzərdə tutulur. Turistlər həmin obaya gəlib orada müddətli yaşaya, birbaşa həmin tərəkəmə həyatına daxil ola biləcəklər. Onlar heyvanların saxlanılması, otarılması, sağılması, qırxılması və s. bütün proseslərə qoşula biləcəklər. Bu yolla kənddə eko-etno-aqro turizm inkişaf etdiriləcək. Bu məqsədlə bələdiyyə ehtiyat fonduna aid olan bağ-park torpağı bələdiyyə müəssisəsinin istifadəsinə verilib. Həmin torpağın həmişə yaşıl saxlanılması, tövlələrlə yanaşı tərəkəmə alaçıqlarının quraşdırılması, kiçik emal müəssisəsində süd, pendir, qaymaq və s məhsulların yerindəcə istehsalı və istehlakı mümkün olacaq. Bununla yanaşı, “Tərəkəmə yurdu” folklor turizmi məkanından məqsəd YUNESKO siyahısı üçün prioritet hesab edilən tərəkəmə həyat tərzi ənənəsini və tərəkəmə çərşənbəsi festivalını dünya səviyyəsində təqdim etməkdir.
Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC Gəgəli bələdiyyəsinin tapşırığı əsasında Kəndin Perspektiv İnkişafı Fondu torpaqlarında ot sahəsini biçilməsi üçün qoruyub saxlamışdır. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən Gəgəli bələdiyyəsinin büdcə imkanlarının artırılması və vergi ödəyicilərinin motivə edilməsi üçün ot biçilməsi işi də önəmli imkandır. Gəgəli bələdiyyəsi ot biçini üçün daxili komissiya qurmuşdur. Daxili komissiyanın üzvlərinin Gəgəli bələdiyyəsinin sədr müavini Yusif Hacıyev, bələdiyyənin mühasibi Səbuhi Mütəllimov, Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin əməkdaşları Kamil Kərimov və Emin Mədətov, Gəgəli kəndinin icra nümayəndəsi Hamlet İsayev - nəzarəti altında ot biçini həyata keçirilmiş, dırmıxlanmış, preslənmiş və satışı təşkil edilmişdir. Bütün proses aktlaşdırılmış, aktlar bələdiyyəyə təhvil verilmişdir. Biçilən sahənin 33 (otuz üç) hektar olduğu müəyyən edilmişdir. Ot sahəsinin biçilməsi işi Zahir Mürsəliyev, dırmıxlanması işi Güloğlan Məmmədyarov və preslənməsi işi Nabil Quliyev tərəfindən həyata keçirilmişdir. Ot presinin ümumi sayının 2670 ədəd olduğu müəyyən edilmişdir. İşin xidmət haqqı əvəzində ot presi verilməklə ödənilmişdir. 2670 ədəd ot presindən Zahir Mürsəliyevə 396 ədəd, Güloğlan Məmmədyarova 264 ədəd, Nabil Quliyevə 480 ədəd ot presi verilmişdir. Ot preslərinin satışı həyata keçirilmiş, 6 nəfər həmin ot preslərinin (1530 ədəd) əvəzini hər presə 2.5 manat olmaqla Bələdiyyənin Azərpoçt hesabına 3825 manat köçürmüşdür. Ödənişlər Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində “Stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərə görə ödəniş” bölməsində “Kənd təsərrüfatı məhsulları” qrafası üzrə edilmişdir.
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci paraqrafına görə yerli büdcənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır. Ötən dövrdə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində “Stasionar və ya səyyar ticarət, ictimai iaşə, su satışı və digər xidmətlərə görə ödəniş” bölməsində “Kənd təsərrüfatı məhsulları” qrafası üzrə ödənişlər edildiyi üçün Gəgəli bələdiyyəsinin 2023-cü il büdcəsinin dürüstləşdirilməsi zərurəti yaranmışdır. Büdcənin “Vergi olmayan gəlirlər” hissəsinin “Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət və digər xidmətlərə görə ödənişlər” bölməsində gəlir kimi 3870 (üç min səkkiz yüz yetmiş) manat qeyd edilmişdir. Büdcənin “Yerli iqtisadi inkişaf proqramlarının maliyyələşdirilməsi üçün xərclər” hissəsinin “Bələdiyyə müəssisələrinin yaradılması” bölməsində müvafiq olaraq xərc kimi 3870 (üç min səkkiz yüz yetmiş) manat qeyd edilmişdir. Gəlir əsasən ot preslərinin satışından formalaşmış, xərc isə bələdiyyənin “Noxud əkini” layihəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur. Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin “Noxud əkini” layihəsi Gəgəli bələdiyyəsinin 02 fevral 2023-cü il 03 saylı iclasının 18 saylı qərarı ilə təsdiq olunmuşdur. Layihəyə bank krediti cəlb etmək üçün bələdiyyə tərəfindən müraciətlər olsa da bu mümkün olmamışdır, banklar qanunlara zidd olaraq bələdiyyəyə və bələdiyyə müəsissəsinə kredit verməkdən imtina etmişdir. Odur ki, bələdiyyə artan gəlirinə əsasən “Noxud əkini” layihəsini dəstəkləyir. Gələn gəlir bütünlüklə bələdiyyə büdcəsinə daxil olacaqdır.
Gəgəli bələdiyyəsinin daxili komissiyası 02 may 2023-cü il gecə saatlarında Gəgəli kəndində leysan yağışlar nəticəsində baş vermiş sel fəlakətinin nəticələrini vizual müşahidə keçirərək və yerli sakinlərlə yerindəcə görüşərək dəqiqləşdirib təhlil etmişdir. Bu zaman 15 may 2023-cü il 10 saylı bələdiyyə iclasının qərarları əsas alınmışdır. Komissiya yoxlama zamanı müəyyən etmişdir ki, kənddə bələdiyyə mülkiyyətində olan 13 km kəndarası yol yararsız hala düşmüşdür. İpək yolu, Zəfər, Molla İsa, Sahib Mütəllimov, Şirvanşah Xəlilullah, Kamran Quluzadə, Həqiqət Musayev, Vüsal İbişov, Babək, Yasamal, Şahalı Həsənov, Namiq Talışov, Elmir Süleymanlı, Bəhruz Kəngərli, Nərgizava, Xançoban, Məhəmməd Əsədov, Şahin Quliyev, Mətləb Mütəllimov, Elçin Şirvanov, Ağəli Hüseynov küçələrində yarğanlar açılaraq yollar dağılmış, çınqıl örtüyü yuyularaq maşınların hərəkəti üçün problem yaratmışdır. Bələdiyyənin son üç ildə kəndarası yollara çəkdiyi xərci nəzərə alaraq ümumilikdə yollara cəmi 40000 manat həcmində ziyan dəydiyi müəyyən edilmişdir. Bu son zamanlarda aparılan təmir işlərinə əsasən ölçülmüşdür. Gəgəli və Bico kəndləri arasındakı Yasamal körpüsünün borularından biri selin təsiri ilə yerindən çıxmış və Rəhimağalı kəndi istiqamətində aşkar olunmuşdur. Körpünün borusu yerinə gətirilsə də yerində möhkəmləndirmək mümkün olmamış, körpü tamamilə yararsız hala düşmüşdür. İpək yolu küçəsindəki dörd ədəd dəmir borudan ibarət su keçidi palçıqla dolmuşdur. Həmin keçidlər və ətrafı yararsız hala düşmüşdür. Kəndin təbii dərələri sakinlər tərəfindən zəbt edildiyi üçün həmin dərələrdə suyun həcmi artmış, su göllənərək dərələrin ətrafındakı həyətyanı sahələri və evləri basmışdır. Sakinlər evlərini və həyətlərini su basması və maddi ziyan dəyməsi ilə bağlı müraciət etmişlər. Həmin şəxslərin evləri və həyətyanı sahələri ilə bağlı problemlər hesabata əlavə edilən cədvəldə əks olunmuşdur. Bununla yanaşı, kəndin içərisindən keçən Ömər Lahıci su arxı boyunca körpülər və keçidlər zədələnmiş, arx çox yerdə palçıqla dolaraq dayazlaşmışdır. Aşağıdakı təkliflərin yerinə yetirilməsinə başlanılmışdır:
1. Adı çəkilən bütün problemlərlə bağlı aktlar və cədvəl hazırlanması;
2. Bələdiyyə hesabına yolların təmirinin həyata keçirilməsi;
3. Bələdiyyə hesabına su keçidlərinin təmirinin həyata keçirilməsi;
4. Yasamal körpüsünün bərpa olunması;
5. Təbii dərələrin zəbtdən azad olunması üçün məsələ qaldırılması;
6. Ziyan dəymiş yerli sakinlərin ötən dövrlər üzrə vergi borclarının ləğv edilməsi və 01.01.2023-cü ildən hesablanması;
7. Ömər Lahıci su arxının təmirinin aidiyyatı qurumlar qarşısında qaldırılması.
Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin 2021-2022-ci illər üzrə fəaliyyəti barədə audit rəyinin alınması xidmətini sərbəst auditor Kərimov Şamxal Vəli oğlu həyata keçirmişdir. Bələdiyyənin 2022-ci il üzrə fəaliyyəti barədə audit rəyinin alınması xidmətini müstəqil audit şirkəti olan “Şəfəq Audit Konsaltinq” MMC həyata keçirmişdir.
Gəgəli bələdiyyəsinin fəaliyyətinin, o cümlədən bələdiyyəçiliyin təbliği məqsədilə ictimai birliklər və onların saytları, portalları ilə işləmək zərurəti yaranmışdır. “Belediyye.info” internet xəbər portalı bələdiyyəçilik sahəsində ixtisaslaşmış Azərbaycan Respublikasının əsas informasiya orqanıdır və bütün bələdiyyə məlumatları orada dərc olunur. Odur ki, Gəgəli bələdiyyəsi öz fəaliyyətinin, hesabatlarının və layihələrinin reklamını etmək, yeni maliyyə resursları cəlb etmək, internet resurslarında informasiyanın geniş çevrələrə yayılmasını və arxivləşdirilməsini təmin etmək məqsədilə “Belediyye.info” internet xəbər portalı ilə əməkdaşlıq edir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 52-2-ci maddəsinin üçüncü abzasına görə bələdiyyə maliyyə vəsaitləri və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyə iclasında 2022-ci ilin hesabatı müzakirə olunub və qəbul edilib. Kənd sakinləri üçün 31 yanvar 2023-cü ildə Hesabat Yığıncağı keçirilib və yerli sakinlərin müraciətləri qeydə alınıb. "Bülleten: Ağsu rayonu Gəgəli bələdiyyəsi 2022-ci il hesabatı" kitabçası Gəgəli bələdiyyəsinin qərarı nəşrə məsləhət görülmüşdür. Bülleten rəngli şəkildə 24 səhifə olmaqla “AFPoliqrAF” nəşriyyatı tərəfindən 150 ədəd çap edilmişdir.
Bələdiyyə sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 03-08 may 2023-cü il tarixlərində Rumıniya Respublikasına öz hesabına ezam olunmuş, beynəlxalq tədbirlərdə iştirak etmişdir.