"Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları - abidə mühafizəçiləri, ekskursiyaçılar, texniki işçilər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə Ağsu rayonu Gəgəli kəndində yerləşən Nərgizava abidəsində aparılan arxeoloji qazıntıya qatılıblar. Arxeoloqlar əvvəlcə qoruq işçilərini qazıntı işi ilə əlaqədar təlimatlandırılıblar. Sonra qoruq işçiləri arxeoloji qazıntının hazırki vəziyyəti və qazıntı işinin gedişi ilə tanış olublar, onlara ekskursiya keçilib. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Elmira Abbasova qoruq işçilərinə Nərgizavada arxeoloji tədqiqatların tarixi, Qafqaz Albaniyası arxeoloji abidələrinin xüsusiyyətləri, qəbir abidələrinin öyrənilməsi üsulları, ekspedisiyanın əldə etdiyi ilkin elmi yeniliklər, tapıntıların sənədləşdirilməsi haqqında ustad dərsi - təlim keçiblər. Təlimə qazıntı işlərinə memar kimi cəlb olunan Ağsunun layihəçi-memarı Xanlar Hüseynov da qatılıb.
Fariz Xəlilli bildirib ki, qazıntı əvvəlcə 32 kv.m. sahədə başlanıb, 60 sm dərinliyə qədər qarışıq təbəqə təmizlənərək götürülüb. Qarışıq təbəqə uzun dövrlər ərzində şum işlərinin görülməsi, təsərrüfat quyularının qazılması nəticəsində yaranıb. Qarışıq təbəqədən ellin dövrünə aid nərgizava tipli qabların müxtəlif hissələrinin parçaları, küpə, parç, dolçaların fraqmentləri seçilərək götürülüb. Qazıntı sahəsinin 60 sm dərinlikdə birinci kvadratının şimal-şərq hissəsindən bir-birinə yaxın iki sadə torpaq qəbir üzə çıxıb. Birinci qəbirdə gənc qadına məxsus skelet qalıqları təmizlənib. Skelet sıx bükülü vəziyyətdə sağ böyrü üstə başı cənub-şərqə olmaqla dəfn olunub. Skeletin üzü qarşısından bir ədəd oturacağında "tələf deşiyi" (kill hole) olan saxsı qab, çanaq hissəsi istiqamətində isə yerə başıüstə basdırılmış daş heykəlin baş hissəsi aşkar olunub. Bu qəbirdən kömür və sümük qalıqları analiz üçün götürülüb. İkinci qəbirdə körpə uşağa məxsus skelet qalıqları təmizlənib. Skelet sıx bükülü vəziyyətdə sağ böyrü üstə başı şimal-qərbə olmaqla dəfn edilib. Skeletin üzü qarşısından bir ədəd "tələf deşiyi" olan saxsı qab aşkar olunub. Maraqlıdır ki, bu saxsı qabla yanaşı, skeletin çanaq hissəsində on ədəd sındırılmış qab parçası müşahidə edilib. Fariz Xəlilli bilirib ki, ilk dəfədir ki, Nərgiava abidəsində qəbir avadanlığı içərisində oturacağında "tələf deşiyi" olan saxsı qablara rast gəlinir. Bununla yanaşı, bu abidədə daş heykəlin başının qoparılaraq başıüstə qoyulması və saxsı qabların sınıqlarının qəbir avadanlığına daxil edilməsi dini ayinlərlə bağlı yeni tapıntıdır. İlkin araşdırmalar göstərir ki, belə rituallar ellin dövründə Ptolomeylər Misirinə xasdır və daha əvvəlki dövrlərin dini ayinlərini əks etdirir.Hazırda Nərgizava arxeoloji ekspedisiyası 64 kv.m. sahədə öz işini davam etdirir.