Oktyabrın 17-də "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu və Ağsu rayonu Gəgəli bələdiyyəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı Regional Ekologiya İdarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəgəli kəndində ağacəkmə aksiyası keçirilib. 100 ədəd ağcaqayın və göyrüş ağacı Gəgəli bələdiyyəsinə məxsus Uzun-Ata türbəsi yaxınlığındakı meşə-park sahəsində əkilib. Ağac əkilməsi üçün əvvəlcə çuxurlar qazılıb, sonra birillik ağac tingləri həmin çuxurlara yerləşdirilib. Ağaclar suvarılıb və xatirə meydanının ətrafında abadlıq işləri aparılıb. Xatirə meydanı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə qurulan “Tərəkəmə yurdu” folklor turizmi məkanına inteqrasiya olunub. Gələcəkdə meydandan istirahət parkı kimi istifdə etmək planlaşdırılıb. Aksiyada Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağsu rayonu üzrə abidə mühafizəçiləri, "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Ağsu rayonu Gəgəli bələdiyyəsinin nümayəndələri, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi, “Təmiz kənd” MMC-nin işçiləri qatılıblar.