Gəgəli bələdiyyəsi Bakı şəhərində təqdimat keçirib

30 noyabr 2023-cü il tarixində Ağsu rayonu Gəgəli bələdiyyəsinin “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi layihəsinin yekun təqdimatı Bakı şəhərində keçirilib. Təqdimatda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Bələdiyyələri Milli Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələri, turizm və media işçiləri, elm adamları iştirak ediblər.Təqdimatı giriş sözü ilə açan layihə rəhbəri, Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli qeyd edib ki, Ağsu rayonu Gəgəli bələdiyyəsi 01 iyun - 30 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyələşdirdiyi “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi layihəsini həyata keçirib. Tərəkəmə yurdu bələdiyyənin təsis etdiyi yerdə - dağ örüşlərinə çıxışı olan meşə-park yerində yaradılıb. Tərəkəmə yurdu folklor turizmi məkanı festival meydanı, səhnə, çadırlar, qazma ev, ənənəvi üslubda heyvan nümayiş mərkəzi və s. ibarətdir. Folklor turzmi məkanında müxtəlif festival, simpozium, müsabiqə, olimpiada, marafon, aksiya, sərgi, infotur həyata keçirmək planlaşdırılır. İndiyə qədər məkanı 280 nəfər ziyarət edib. Fariz Xəlilli əvvəlcə Gəgəli bələdiyyəsinin layihə çərçivəsində hazırladığı "Tərəkəmə Yurdu" folklor turizm məkanı üçün tur marşrutlarını təqdim edib. O, birgünlük "İpək yolu" tarixi yollarda yürüş turu, Ağsu arxeoloji turizm turu və Tərəkəmə yurduna səyahət turu haqqında məlumat verib. Sonra Fariz Xəlilli layihə çərçivəsində hazırlanan "Tərəkəmə Yurdu" folklor turizm məkanı" kitabını təqdim edib. Kitabın redaktorları Sabit Abdullayev və Musa Musayev, rəyçiləri professor Qafar Cəbiyev və Şikar Qasımovdur. Kitabda Gəgəli kəndi, onun tərəkəmə həyat tərzi, folkloru, oyunları, yeməkləri və s. haqqında məlumat verilir. Layihə çərçivəsində yaradılan www.transhumance.az saytı da təqdim olunub. Saytın Teymur Nəcəfzadənin rəhbərliyi ilə IMAGE MMC tərəfindən yaradıldığı və kontentlərin yerləşdirildiyi bildirilib. Saytda “Tərəkəmə yurdu” folklor turizmi məkanının təklif etdiyi xidmətlər və turlar haqqında ayrıca bölmələr vardır. Fariz Xəlilli "Miras" Mədən İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə məxsus Beşinci Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalını elan edib. O, bildirib ki, festival 18-20 mart 2024-cü il tarixdə “Tərəkəmə yurdu” folklor turizmi məkanında keçiriləcək.Sonra Azərbaycan Bələdiyyələri Milli Assosiasiyasının nümayəndəsi Lalə Məmmədova çıxış edib. Gəgəli bələdiyyəsinin gördüyü işi təqdir edərək layihənin davamlı olması üçün gələcəkdə dəstəyə hazır olduqlarını bildirib. Professor Kübra Əliyeva və professor Minəxanım Təkləli isə tərəkəmə həyat tərzi tədqiqatları barədə danışıblar.Təqdimat iştirakçılarına kitab və flayerlər, o cümlədən tanıtım məqsədilə Gəgəli bələdiyyəsinin istehsalı olan "Gəgəli" noxudu hədiyyə olunub. Sonda xatirə fotosu çəkilib.