02 yanvar 2024-cü il tarixində Ağsu rayonu Gəgəli bələdiyyəsinin “Tərəkəmə yurdu” folklor turizmi məkanında kəndin I-IV sinif məktəbliləri üçün Abbas Mirzə Şərifzadə adına Şamaxı xalq teatrının "Qarlar kraliçası və Ayaz ata Tərəkəmə yurdunda" Yeni il bayramı tamaşası təqdim olunub. Tamaşanın süjet xətti rejissor Əbdül Məcidliyə, musiqi tərtibatı Ruslan Adgözəlova məxsusdur. Musiqiləri Ruslan Adgözəlov, Leyla Kərimova və Faiq Mirzəyev ifa edib. "Qarlar kraliçası və Ayaz ata Tərəkəmə yurdunda" tamaşasında rolları Fəridə Xəlilli (Elsa), Leyla İslamova (Anna), Elvin Abdullayev (Lord), Xəyal Quliyev (Olaf), Faiq Mirzəyev (Konte), Əbdül Məcidli (Ayaz ata), Ruslan Adgözəlov (Küknar ağacı), Ceyhun Pənahov (Panda) ifa ediblər.
“Tərəkəmə yurdu” folklor turizmi məkanına gələn Gəgəli kəndinin I-IV sinif məktəblilərinə əvvəlcə tamaşa göstərilib. Sonra tamaşa personajlarının iştirakı ilə viktorina keçirilib. Bələdiyyə sədri Fariz Xəlilli məktəblilərə suallar ünvanlayıb, sualları düzgün cavablandıran beş məktəbliyə bələdiyyənin hədiyyələri təqdim olunub. Tamaşanı izləyən və viktorinada iştirak edən bütün məktəblilərə “Tərəkəmə yurdu folklor turizmi məkanı" kitabı və 2024-cü il təqvimi verilib. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məktəblilər üçün kitabı imzalayıb. Məktəblilərə bildirilib ki, Beşinci Tərəkəmə Çərşənbəsi Folklor Festivalında (18-20 mart 2024-cü il) həmin kitab əsasında viktorina keçiriləcək və festivala hazırlaşsınlar. Tədbir Ağsu rayonu Gəgəli bələdiyyəsi Yerli media MMC tərəfindən videolentə alınıb və Gəgəli TV yutub kanalında yerləşdirilib.